İdman 13:46 07.03.2023

Azərbaycanda bu çempionat bərpa edildi - Yeni stadionlar tikiləcək

2023/2024 mövsümündən I Divizionda Premyer Liqanın əvəzedici komandaları iştirak etməyəcək.

Bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, əvəzedicilərin çempionatının bərpa ediləcəyini söyləyib: "I Divizionda 10 komandanın iştirakı planlaşdırılır. Dövlət tərəfindən həmin klublara dəstək də olunacaq”.

Baş katib əlavə 4 komandanın I Divizona gələcəyini diqqətə çatdırıb.

Sarxan Hacıyev qeyd edib ki, I Divizionda çıxış etmək üçün Region Liqasında 3 illik fəaliyyət tələbi ləğv olunub. O, I Divizionda çıxış üçün xüsusi kriteriyaların ayrıldığını bildirib: "Region Liqasında bir il oynayan komandanın da I Diviziona gəlmək ehtimalı olacaq. Onlara hansısa dəstək verilsə, bunun reallaşma ehtimalı var. İcra hakimiyyəti və ya digər dəstəkçilər kömək ola bilərlər”.

Baş katib bildirib ki, Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil. O, mövsümün sonunda bir komandanın elitanı tərk edəcəyini vurğulayıb: "Bu il bir komanda Premyer Liqanı tərk edəcək. Ona görə komandalar bunu diqqətdə saxlamalıdırlar. I Diviziondan bir kollektiv idman prinsipləri qorunaraq əsas dəstəyə gələcək”.

"2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən AFFA-ya ayrılacaq maliyyə vəsaiti müxtəlif regionlarda yeni stadionların inşasına ayrılacaq”, deyə Sərxan Hacıyev bildirib.

O, mərhələli şəkildə ictimaiyyətə məlumat veriləcəyini söyləyib.