Təzə qoz bazara çıxması ilə yanaşı, alıcılarla satıcılar arasında narazılığa da səbəb olub. Artıq bir neçə gündür rayonlardan gətirilən təzə qoz Bakıdakı mağaza və bazarlarda satışa çıxarılıb. Kilosu 6 manatdan başlayan qozla bağlı əsas narazılıq isə onun çəkisinə görə sayının az olmasıdır.
Alıcıların sözlərinə görə, bir kiloqramda 15-20 ədəd qoz olur. Onlar hesab edirlər ki, bir kiloqramda 50-dən çox qoz olmalıdır.
Alıcılar həmçinin iddia edirlər ki, bəzi satıcılar qozun çəkisini artırmaq üçün onu axşamdan suya qoyurlar. Bunun da məhsulun çəkisinə təsir etdiyini bildirirlər.
İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsələ ilə ilk növbədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məşğul olmalıdır:

"Çünki agentliyin səlahiyyətlərinə istehlakçının çəkidə, ölçüdə, qiymətdə və hesablaşmalarda aldadılması ilə bağlı müraciətlərə baxılması və müvafiq tədbirlərin görülməsi daxildir. Ona görə də qozun satıcı tərəfindən qəsdən su ilə isladılaraq çəkisinin artırılması və bunun alıcıya bildirilməməsi sübuta yetirilərsə, bu, istehlakçının çəkidə aldadılması kimi qiymətləndirilə bilər. Burada sadəcə qozun yaş olması kifayət deyil. Nəmliliyin təbii, yoxsa süni şəkildə artırıldığı müəyyənləşdirilməlidir".
İqtisadçı əlavə edib ki, belə şübhə yarandıqda nəzarət orqanı məhsulun çəkisini yoxlaya, lazım gəldikdə nümunə götürərək onun nəmliyinin araşdırılmasını təmin edə bilər:
"Agentliyin rəsmi məlumatlarında da çəkidə və hesablaşmalarda istehlakçıların aldadılması ilə bağlı pozuntulara görə tədbirlər görüldüyü göstərilir. Yəni konkret olaraq bu qoz məsələsində əsas məsul qurum istehlak bazarına nəzarət edən Agentlikdir. AQTA-nın əsas funksiyası isə qida təhlükəsizliyi ilə bağlı məsələlərdir. Qozun çəkisinin süni şəkildə artırılması və alıcının çəkidə aldadılması isə istehlakçı hüquqlarının müdafiəsi və ölçü məsələsidir”.
Bahar Rüstəmli
Şərhlər