BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (“UNHCR”) kəskin maliyyə çatışmazlığı səbəbindən təxminən 8,3 milyon qaçqın və məcburi köçkün şəxsin yardımsız qala biləcəyi barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, agentlik ABŞ və digər ölkələrin yardım həcmini azaltmasından sonra tarixinin ən ciddi maliyyələşdirmə böhranlarından biri ilə üzləşib. Maliyyə çatışmazlığı 5,789 milyard dollar təşkil edir.
İyul ayına olan məlumata görə, “UNHCR” 2026-cı il üçün tələb olunan 8,505 milyard dollar vəsaitin yalnız 32 faizini əldə edib. Yardıma ehtiyacı olan insanların sayı rekord göstəricilərə yaxınlaşır. İlin sonuna agentliyin mandatı altında 131,2 milyon insanın olması gözlənilir. “UNHCR” bildirir ki, maliyyələşdirmənin azaldılması artıq qeydiyyat, uşaqların müdafiəsi və gender zorakılığının qurbanlarına yardım proqramlarının ixtisarına səbəb olub.
Xüsusilə ağır nəticələrin Çad, Sudan və Əfqanıstanda müşahidə olunacağı gözlənilir. Çadda 319 min insan qeydiyyat prosesində gecikmələrlə üzləşib, 200 min qadın və qız sığınacaqlara çıxış imkanını itirə bilər. Sudanda təxminən 140 min qaçqın qeydiyyatsız qalıb. Əfqanıstanda isə ödənişlər iki dəfədən çox azaldılıb.
“UNHCR” qeyd edir ki, öz xərclərinin daha da azaldılması ilə bağlı tədbirlər maliyyə çatışmazlığını kompensasiya edə bilməz. 2025-ci ilə qədər təşkilat artıq işçi heyətini 33 faiz ixtisar edib, 140 şəhər və regiondakı ofislərini bağlayıb, həmçinin 2024-cü illə müqayisədə 15 ölkədə fəaliyyətini dayandırıb.
Aydın
Şərhlər