Dünya Bankının hesablamalarına görə, Azərbaycanda xidmət sektorunun liberallaşdırılması ümumi daxili məhsulun (ÜDM) əlavə 3 faiz artımını təmin edə bilər. Bu potensialın reallaşdırılması üçün isə xidmət sahələrində rəqabətin genişləndirilməsi, bazara yeni iştirakçıların girişinin asanlaşdırılması və mövcud inzibati məhdudiyyətlərin azaldılması əsas məsələlərdən hesab olunur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, xidmət sektorunun liberallaşdırılması əlavə iqtisadi artım üçün ciddi imkan yarada bilər:
“Xidmət sektorunun liberallaşdırılması Azərbaycanda əlavə iqtisadi artım üçün ciddi imkan yarada bilər. Burada əsas məqsəd sadəcə dövlət nəzarətini azaltmaq deyil, bazara yeni iştirakçıların daxil olmasını asanlaşdırmaq, rəqabəti gücləndirmək və sahibkarın xərclərini azaltmaq olmalıdır.
İlk növbədə nəqliyyat və logistika, telekommunikasiya, maliyyə, turizm, təhsil, səhiyyə və peşəkar xidmətlərdə rəqabətin genişləndirilməsi vacibdir. Xüsusilə logistika və nəqliyyatda infrastrukturdan istifadə imkanlarının daha şəffaf və ayrı-seçkisiz olması xidmətlərin maya dəyərini aşağı sala və Azərbaycanın tranzit imkanlarını gücləndirə bilər.
Telekommunikasiya və rəqəmsal xidmətlərdə əsas məsələ bazara yeni şirkətlərin girişinin asanlaşdırılması və rəqabət mühitinin gücləndirilməsidir. İnternet və rəqəmsal xidmətlərin ucuzlaşması təkcə bu sektoru deyil, bütün iqtisadiyyatda biznes xərclərini aşağı sala bilər”.

Ekspert maliyyə sektorunda da rəqabətin artırılmasının vacibliyini vurğulayıb:
“Maliyyə sektorunda da rəqabətin artırılması vacibdir. Bank olmayan maliyyə institutlarının, ödəniş və fintech şirkətlərinin fəaliyyətinə mane olan əsassız inzibati baryerlərin azaldılması kredit və digər maliyyə xidmətlərinin əlçatanlığını genişləndirə bilər.
Turizm, təhsil və səhiyyədə isə lisenziyalaşdırma və icazə prosedurlarının sadələşdirilməsi, lakin keyfiyyət standartlarının qorunması önəmlidir. Liberallaşma nəzarətin tamamilə aradan qaldırılması demək deyil. Əksinə, dövlətin rolu bazara girişə mane olmaqdan daha çox, rəqabət qaydalarını, istehlakçı hüquqlarını və xidmət keyfiyyətini qorumağa yönəlməlidir”.
Akif Nəsirlinin sözlərinə görə, xidmət sektorunda liberallaşmanın əsas nəticəsi özəl şirkətlərin daha geniş fəaliyyət göstərə bildiyi rəqabətli mühitin formalaşdırılması ilə bağlıdır:
“Ən böyük potensial isə dövlət və özəl sektorun bir-birini əvəz etməsindən deyil, özəl şirkətlərin daha geniş fəaliyyət göstərə biləcəyi rəqabətli mühitin yaradılmasından yarana bilər. Əgər liberallaşma real rəqabət, şəffaf tariflər, daha az inzibati prosedur və yeni bizneslərin bazara girişinin asanlaşdırılması ilə müşayiət olunarsa, xidmət sektorunun ÜDM-ə töhfəsini artırmaq mümkündür”.
Günay İlqarqızı
Şərhlər