XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
Dünya22:51 06.10.2026

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb.

Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikdə 1972-ci ildən etibarən 37 mindən çox almazın tapıldığı dövlət parkı olan "Crater of Diamonds" almaz kraterində süxurları ələkdən keçirib. Kişi tapıntı anını "TikTok" platformasında canlı yayımlayıb.

Vedrədəki çınqıl masaya tökülərkən daşın üzləri görünüb. "Böyük birini tapdıq!", deyə Piradin qışqırıb.

Almaz parkda bu il aşkarlanan ən böyük tapıntı olub. Piradinin sözlərinə görə, kolleksiyaçılar daşı 1 milyon dollar dəyərində qiymətləndiriblər. Lakin Litl-Rok şəhərindən olan təcrübəli qiymətləndirici Laura Stenli hesab edir ki, bu keyfiyyətdə sarı almazın qiyməti, qismən mənşəyinə görə, təxminən 250 min dollar ola bilər.

Park giriş üçün 15 dollar ödəniş alır və ziyarətçilərə 18 litrlik vedrəni süxurla dolduraraq tapdıqları daşları özlərində saxlamağa icazə verir. Almazların əksəriyyətinin çəkisi təxminən dörddəbir karat olur və onların qiyməti bir neçə yüz dollar təşkil edir.

ABŞ tarixində tapılan ən böyük almaz da məhz burada aşkarlanıb. 1924-cü ildə tapılan və "Sem dayı" adlandırılan daşın çəkisi 40,23 karat olub.

Kişi daşı satdıqdan əldə olunacaq gəliri Şumaxerlə bölüşməyi və kristal hasilatı üzrə öz mədənini açmağı planlaşdırır.

Aydın