Bir dövr qapandı: Messi milli ilə belə vidalaşdı (VİDEO)
Lionel Messi 21 illik Argentina millisindəki karyerasına Buenos-Ayresdəki “Monumental” stadionunda vida edib. 39 yaşlı ulduz Beninlə keçirilən yoldaşlıq oyununda sonuncu dəfə “Albiceleste” formasını geyinib.
Qayanrinfo xəbər xəbər verir ki, Argentina Benini 3:0 hesabı ilə məğlub edib. Messi görüşdə 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Cənubi Amerikanın ən böyük stadionlarından biri olan “Monumental”də matçdan əvvəl azarkeşlər Messiyə böyük sevgi nümayiş etdiriblər. Stadion yolunda toplaşan minlərlə tərəfdarı görən futbolçu göz yaşlarını saxlaya bilməyib. Qarşılaşmanın 10-cu dəqiqəsində isə onun forma nömrəsinə uyğun olaraq bir dəqiqəlik ayaqüstə alqış təşkil olunub.
Oyunun ilk hissəsi qolsuz başa çatıb. İkinci hissədə Nikolas Otamendi 48-ci dəqiqədə Messinin ötürməsindən sonra hesabı açıb. 61-ci dəqiqədə Niko Paz yenidən Messinin assisti ilə fərqi iki topa çatdırıb. Messi isə 71-ci dəqiqədə penaltidən hesabı 3:0 edib.
Bu qol argentinalı ulduzun milli komanda karyerasında 126-cı və son qolu olub. Messi Argentina millisində 208-ci və son oyununu keçirərək meydanı alqışlar altında tərk edib.
Qarşılaşmadan sonra komanda yoldaşları, rəqib futbolçular və hakimlər Messinin ətrafına toplaşıb. Havai fişənglər və xüsusi şou ilə müşayiət olunan vida mərasimində Messi azarkeşlərə müraciət edib.
Messi 2022-ci il Dünya Kubokunun və iki dəfə Amerika Kubokunun qalibi kimi Argentina millisindəki karyerasını başa vurub.
Şərhlər