Ekonomiks 13:26 05.09.2022

Azərbaycanın Orta Asiya türk dövlətləri ilə əlaqələri genişlənir - Rəqəmlər

"Azərbaycan ilə Orta Asiyada yerləşən Türk dövlətləri arasında iqtisadi əlaqələr son illər ciddi şəkildə genişlənməkdədir. Bu ilin ilk yarısında ölkəmizin 4 Türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544.360 milyon dollar olub və bu 2021-ci il üçün ümumi dövriyyəsindən 66.5 faiz çoxdur”.
 
Qaynarinfo xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu müddətdə Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi 326.673, Türkmənistan ilə 125.910, Özbəkistan ilə 87.478, Qırğızstan ilə isə 4.229 milyon dollar olub:
 
"2021-ci il ərzindəki ölkəmizin adıçəkilən Türk dövlətləri ilə 361.743 milyon dollarlıq ticarət dövriyyəsində Qazaxıstan 135.799, Türkmənistan 105.023, Özbəkistan 111.903, Qırğızıstan isə 9.018 milyon dollar paya malik idi. Əlaqələrin dərinləşməsində birbaşa qarşılıqlı əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki koordinasiya xüsusi töhvəyə malikdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci ilin noyabr ayında Türk Dövlətləri Təşkilatına çevrilməsi və Türk İnvestiya Fondunun təsis edilməsi də ticari-iqtisadi əlaqələr xüsusi təkan verdi”.
 

 
Deputat bildirib ki, türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsində ölkə rəhbələrinin qarşılıqlı səfərlərinin xüsusi rolu var:
 
"Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana, Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevin ölkəmizə gəlişini xüsusi qeyd etmək lazımdır. Ölkələr ticarət dövriyyəsini daha da artırmağı əsas hədəflərdən biri olaraq müəyyənləşdiriblər. Azərbaycan Qazaxıstan ilə ticarət dövriyyəsini 2 dəfə artıraraq 1.0 milyard dollar çatdırmağa, Türkiyə ilə isə növbəti 2 ildə 15 milyard dollarlıq ticari əməkdaşlığa nail olmağa çalışır”.
 
Vüqar Bayramov hədəflərin geniş, imkanların böyük olduğunu vurğulayıb:
 
"Türk dövlətlərinin birgə daha böyük regional uğurlara imza atacağı şübhəsizdir”.
 
Bahar Rüstəmli