XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluğun təfərrüatları
Ölkə13:05 07.09.2026

Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluğun təfərrüatları

Bakıda qızıl alveri adı ilə qurulan sövdələşmə məhkəməyə qədər gedib çıxıb.

Qaynarinfo xəbər verir ki, lombardda girovda olduğu deyilən təxminən 30 min manatlıq qızılları çıxarıb satacağını vəd edən şəxs bu məqsədlə tanışından 22 800 manat alıb. Lakin vəd edilən qızılların yalnız 4 800 manatlıq hissəsi təqdim olunub, 2 000 manat isə geri qaytarılıb. Nəticədə 14 200 manat məbləğində borc qalıb və məsələ dələduzluq ittihamı ilə məhkəməyə çıxarılıb.

Səbail Rayon Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə təqsirli bilinib.

İş materiallarına əsasən, hadisə 2025-ci ilin oktyabrında baş verib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı yaranmış etibarından istifadə edərək lombardda təxminən 30 min manat dəyərində qızıl məmulatlarının girovda olduğunu bildirib. O, həmin qızılların lombarddan çıxarılması üçün 22 800 manat borcun ödənilməli olduğunu deyib.

Təqsirləndirilən şəxs bildirib ki, pul ona verildiyi halda qızılları lombarddan çıxarıb zərərçəkmiş şəxsə daha aşağı qiymətə satacaq. Sövdələşməyə əsasən, zərərçəkmiş şəxs 22 800 manat verib.

Məhkəmədə zərərçəkmiş şəxsin ifadəsindən məlum olub ki, onunla birlikdə mağazaya gələn tanışı təqsirləndirilən şəxsə zəmanət verib. Tanışı zərərçəkmişə “məni tanıyırsan, narahat olma” deyərək həmin şəxsin etibarlı olduğunu bildirib. Zərərçəkmiş də məhz bu zəmanətə güvənərək razılaşıb.

Təqsirləndirilən şəxs ertəsi gün mağazaya gələrək 22 800 manatı alıb və qızılları lombarddan götürəcəyini deyib. Lakin sonrakı hadisələr vəd edilən kimi cərəyan etməyib.

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 4 800 manat dəyərində qızıl məmulatları verib və əlavə olaraq 500 manat qazanc götürüb. O, qalan qızılları da gətirəcəyini bildirib.

Aradan bir həftə keçməsinə baxmayaraq, vəd edilən qızıllar gətirilməyib. Zərərçəkmiş şəxs həm təqsirləndirilən şəxslə, həm də ona zəmanət verən tanışı ilə əlaqə saxlayaraq pulunun və qızılların taleyini soruşub. Hər iki şəxs isə məsələnin həll olunacağını deyib.

Daha sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin kart hesabına 2 000 manat göndərib. Bundan sonra zərərçəkmiş şəxs sövdələşmənin əvvəlki kimi baş tutmayacağını anlayıb və qalan pulunu tələb edib.

İş üzrə müəyyən edilib ki, təqsirləndirilən şəxs aldığı vəsaitin bir hissəsini şəxsi ehtiyaclarına və digər şəxslərə olan borclarının ödənilməsinə sərf edib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib. O, ifadəsində zərərçəkmiş şəxsdən aldığı pulla digər şəxslərə olan borclarını ödədiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə 2 000 manat, daha sonra isə istintaq dövründə 1 800 manat ödəyib.

Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə 14 200 manat borcu qaldığını bildirib. O, azadlıqda qalacağı təqdirdə işləyərək dəymiş ziyanı ödəyəcəyini deyib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs isə ona dəymiş ziyanın hələ də tam ödənilmədiyini bildirib. Onun sözlərinə görə, məhkəmə araşdırması zamanı da təqsirləndirilən şəxsə zərəri ödəməsi üçün kifayət qədər vaxt verilib, lakin müxtəlif səbəblər göstərilərək ödəniş həyata keçirilməyib.

Zərərçəkmiş şəxs məhkəmədən mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxsin layiqli cəza almasını xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin təqsirinin yalnız etirafı ilə deyil, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər sübutlarla tam təsdiqləndiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə müttəhimə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun 2026-cı ildə şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş üzrə zərərçəkmiş şəxsə ödənilməmiş 14 200 manat məbləğində ziyanın qalması da məhkəmə araşdırmasının əsas nəticələrindən biri olub.

Seyid