"Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Naxçıvan üçün yeni güzəştlər tətbiq ediləcək".
Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, proqrama əsasən, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq, bu imkanlardan hərtərəfli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq:

"Sənədə əsasən, dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanda sahibkarlara dəstək mexanizmi daha da genişləndiriləcək. Proqramda qeyd edilir ki, güzəşt tədbirləri Naxçıvanın əlverişli coğrafi mövqeyindən istifadə edilərək, regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışı sürətləndiriləcək. Bu çərçivədə, yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini optimallaşdırmaq məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmləri tətbiq olunacaq.
Yeni güzəştlər Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə xidmət edəcək. Bu Naxçıvanda istehsal edilən məhsulların daha böyük bazarlara çıxış imkanlarını təmin edəcək. Proqramda nəzərdə tutulan tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, iqtisadiyyatda yerli istehsalın rolunun güclənməsinə kömək edəcəkdir. Bu Naxçıvanın inkişafında yeni mərhələnin başlanması demək olacaq".
Aydın
Şərhlər