(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)
Bakının əhalisi günbəgün artır. Rəsmi məlumatlara görə, Bakı şəhərinin qeydiyyatda olan əhalisinin sayı 2 milyon 300 min 500 nəfərdir. Lakin paytaxtda qeydiyyatsız yaşayanların sayının qeydiyyatda olanlardan daha çox olduğu deyilir.
Kəndlərdə yaşayan insanlar işsizlikdən və digər sosial problemlərinin həlli üçün Bakını seçir. Regionlarda hansı işlər görülməlidir ki, həmin insanları yenidən kəndlərinə qayıtmaqda maraqlı olsunlar.
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında əhalinin paytaxta axınının dünyada gedən proseslərdən biri olduğunu deyib:
"Bu gün ən inkişaf etmiş dövlətlərdə belə, məsələn, İtaliyanın özündə də insanlar şəhərlərə axışır. Oranın təbiəti də, iqtisadiyyatı da gözəldir. "Ağıllı şəhər və ağıllı kənd” ideyası da orada yaranıb, avropalılar təxminən 15 il bundan əvvəl fikirləşiblər ki, necə edək, əhali kəndlərdən şəhərə axın etməsin. İnsanları zəncirləmək olmaz. Bir ara Şərqi Zəngəzura gedəndə mina təhlükəsi ilə bağlı sərhəd qoymuşdular. İnsanların hamısı sərhədlərin açılmasını istəyir ki, hara istəyirsə, rahat gedib-gəlsin. Bu gün gürcülər Avropaya 3 aylıq rahat gedib-gəlir, artıq ermənilər də prosesə qoşulur. Biz burada qısqanırıq ki, niyə bizim Avropaya vizasız getməyə imkanımız yoxdur. Bizim günahımız nədir? Niyə qonşularımızı Avropa ölkələrinə buraxırlar, bizi yox? Hansısa subsidiya və digər xərclər verib insanları məcburən geri qaytarmaq məntiqli məsələ ola bilməz".
Xalid Kərimli hesab edir ki, insanlar yaşamaq istədiyi məkanı seçməkdə sərbəstdirlər:
"İnsanlar şəhərlərdə yaşamaq istəyirsə, biz onun qarşısını ala bilmərik. Bu gün dövlət regionların iqtisadi inkişafı ilə əlaqədar müxtəlif proqramlar həyata keçirir, ən başlıcası, yeni yollar salınır, elektrik və qaz xətləri yenilənir. Dövlət hər il Qarabağa, Şərqi Zəngəzurun bərpasına 4 milyard pul xərcləyir ki, Bakıya sığınan əhali regionlara qayıtsın. Onların bir məqsədi var, yerli əhalini torpağına qaytarmaq. Amma bu qədər işlər hələ yetərli deyil. Regionlarda həyata keçirilən proqramlara baxanda con 20-30 ildə bəlkə də 100 milyarda yaxın pul xərclənilib. Bunun hamısı yeni yolların, qaz və elektrik xətlərinin çəkilməsinə, məktəblərin tikintisinə və s. gedib. Yuxarıda dediyim kimi, bu məsələ tək Azərbaycanda deyil. Dünyanın hər yerində insanlar şəhərlərə axın edir”.
İqtisadçı "Ağıllı kənd və ağıllı qəsəbə” konsepsiyasının da məhz buradan yarandığını diqqətə çatdırıb:
"Yəni, yaşadığın yerdə şəhər standartların tətbiqi... İnsanlar yaşadıqları ərazidə bütün xidmətləri ala bilsinlər. Amma hələ ən güclü dövlətlər belə bunun öhdəsindən gələ bilməyiblər. İqtisadi cəhətdən zəif ölkəmiz bu problemin öhdəsindən gələ bilməz. Bir-iki rayonda prosesə başlanılıb. Bölgələrdə insanların yaşayışını yaxşılaşdırmaq üçün atılan addımlar məhz sosial vəziyyətin qaydasına düşməsinə xidmət edir. Ancaq məsələ tam başqadır və eyni zamanda böyükdür. Adamlar var ki, artıq Bakını da bəyənmir, gedib Rusiyada və yaxud da Avropada yaşamaq istəyir. İnsan daima yeniliyə can atır”.
Xalid Kərimli minumum standartların müəyyənləşməsinin vacibliyini xatırladıb:
"Hazrda hökumət bu istiqamətdə işləyir. Problem var və bu nədən ibarətdir? İş yerləri yoxdur, qeyri-neft sektoru zəif inkişaf edib. İş yerləri ümumiyyətlə, azdır. Bu gün əhali əmək haqqı yüksək olan iş yerlərinə üstünlük verir. Düz də edirlər. Yüksək əmək haqqı bazarı hardadırsa insanlar ora qaçır. Bunun qarşısını almaq mümkün deyil. Ştat az olduğundan hamını işlə təmin etmək mümkün deyil. Bu işlə dövlət məşğul olur. Məşğulluq yaranmalıdır. Məsələn, Amerikaya baxaq, dünyanın ən güclü iqtisadiyyatı olan ölkənin prezidenti iş yerlərinin açılması, işsizliyin aşağı olması, əmək haqqının artırılması ilə fəxr edir. Deyir ki, ən yaxşı mənəm, mənim dövrümdə ən çox iş yeri açılıb və s”.
Xalid Kərimlinin sözlərinə görə, dövlət özəl sektora lazımi şəraiti yaratmalıdır ki, yeni iş yerləri açılsın:
"Bu hər hansı bir özəl şirkətin deyil, dövlətin iqtisadi problemlərindən biridir. Şirkət isə əksinə, daha az işçi ilə daha böyük nəticələr əldə etməyə çalışmalıdır. Biz bütün günü özümüzə əl qatmışıq ki, kənd təsərrüfatı məhsulları bahadır. Kartof, soğan od tutub yanır. İşçi buradan pul qazana bilmir, 15-20 manat alır. Bəli, bu var, amma bunları bazar özü tənzimləyəcək. Kənd təsərrüfatı məhsulları o qədər bahalı, gəlirli olmalıdır ki, orada sahibkarlar günəmuzd işlətmək üçün 15-20 manata işçi tapa bilməsinlər. Məcbur olub işçiyə 40-50 manat versinlər. Bunu da bazar tənzimləyir”.
Ekspert deyir ki, bu gün kənd təsərrüfatı məhsulları ucuz satıldığından sahibkar da ucuz işçi axtarır:
"Məsələn, qoyun əti bahalaşa-bahalaşa gedir. Bunun səbəbi nədir? Çünki heç kəs qoyun saxlamaq istəmir. 21 manata olan qoyun əti bahalaşıb 31 manat olacaq. Fikirləşir ki, qoyunu saxlayıb bu qədər pul qazanmaqdansa elə gəlib Bakıda inşaat sektorunda fəhləlik edərəm və ondan çox qazanaram. Gərək əmək bazarı olsun. Belə olanda kənd təsərrüfatında əmək haqqı artacaq. Əmək bazarının olması üçün də qeyri-neft sektorunun inkişaf etməsi lazımdır ki, işçiyə tələbat yaransın. Belə olanda kənd təsərrüfatında işçilərin əmək haqqı artacaq. Bunlar bir-birinə bağlı və eyni zamanda kompleks məsələlərdir”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər