"Dabaq xəstəliyinin vaksini var. Düzgün preparat seçilsə, vaksinin saxlama temperaturu normal olsa və vaxtında peyvəndləmə işləri aparılsa, vəziyyət bu qədər gərgin olmaz".
Bunu Qaynarinfo-ya fermer Kərim Kərimli deyib. Fermer xəstəliyin inkubasiya dövrünün 2-14 gün arasında olduğunu vurğulayıb:
"Peyvəndləmə xəstəlik başlamamış aparılmalıdır. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi illərdir bu məsələyə səthi yanaşaraq peyvəndləmə işlərini xəstəliyin tüğyan etdiyi bir vaxtda aparır. Bu isə xəstə heyvanların vəziyyətini daha da ağırlaşdırır. Dabaq xəstəliyinin xüsusi müalicəsi olmadığından fermerlər əlacsız qalıb heyvanlarının ağzına nar turşusu, duzlu məhlul, ayaqlarına isə sidik vurmaqla sağaltmağa çalışırlar".
Kərim Kərimli fermerlərə səslənib:
"Bu cür müalicə üsulları artıq keçmişdə qalıb, siz ən yaxşı halda baytarlara müraciət edin".
Kərim Kərimli dabaq xəstəliyi ilə bağlı iri və xırdabuynuzlu heyvanların müalicəsində nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərin həbsinə də münasibət bildirib:
"Fırıldaqçılar dünyanın hər yerində var, harada boşluq varsa, oradan öz məqsədləri üçün istifadə edirlər. Belə hallarda insanların sözü gedən xəstəlik haqqında məlumatsızlığı, baytarlıq sahəsinə qeyri-mütəxəssislərin doluşması və onların pul qazanma hərisliyi vəziyyəti daha da gərginləşdirir”.
Qeyd edək ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) aparılan əməliyyatda dabaq xəstəliyinə qarşı iri, eləcə də xırdabuynuzlu heyvanların müalicəsində nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslər həbs olunub. Qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar.
Bahar Rüstəmli
Şərhlər