"Ermənistan ordusu nə müxalifətin yanındadır, nə də neytraldır, onlar Paşinyan komandasının yayında yer alıblar".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev orduda xidmət müddətilə bağlı Nikol Paşinyan hökumətilə Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı arasında ciddi fikir ayrılığının olması iddiası fonunda seçkilər ərəfəsi erməni ordusunun hansı mövqeyi tutacağı sualına cavabında deyib.
"Paşinyan hakimiyyəti Rusiyanın Ermənistandakı əsas dayaq nöqtələrindən biri olan ölkə silahlı qüvvələrinin Baş Qərargahını demək olar ki, özünə tabe etdirmiş vəziyyətdədir. Baş Qərargahda əksəriyyət Paşinyanla nəinki hesablaşır, hətta ona yaxın, sadiq hərbçilərdən formalaşıb", deyə ekspert bildirib.
Politoloqun fikrincə, belə bir iddia ilə çıxış edənlərin məqsədi erməni cəmiyyətini Paşinyanla ordu arasında dərin ziddiyyətlərin olduğuna inandırmaqdan ibarətdir:
"Ermənistanda aparılması gözlənilən ordu islahatlarına hərbçilərin etiraz etməsinə gəldikdə, bu xəbəri yayımlayan mətbu orqanlar erməni müxalifəti və ondan da daha çox Moskvaya yaxınlığı ilə seçilən qurumlardır. Onlar da bununla çalışır ki, ordu ilə hökumət arasında fikir ayrılığı olduğunu seçki öncəsi qabartmaqla tərəfdarlarını mobilizasiya edib, seçkinin nəticəsinin rusiyapərəst müxalifətin xeyrinə dəyişməsinə nail olsunlar. Hərbi xidmətin 2 ildən il yarıma endirilməsi təklifi təkcə vaxt anlayışı ilə məhdudlaşmır. Bu, həm də Rusiyanın iki illik ordu sistemindən, NATO-nun il yarımlıq ordu sisteminə keçidin başqa bir təzahür formasıdır. Ermənistandakı rusiyayönümlü medianı, "5-ci kolonu” narahat edən əsas məsələ də məhz islahatların hansı istiqamətdə aparılmasıdır”.
Ekspert yuxarıda deyilənlərə əsasən növbəti parlament seçkiləri dönəmində Paşinyan hökumətilə erməni ordusu arasında ciddi fikir ayrılığının yaşanacağı və bunun da öz növbədində ordunun neytrallığını pozacağını düşünmür:
"Ermənistan ordusu neytral deyil, Paşinyan komandasının yayında yer alır. Bununla belə, bu strukturda da hələlik tam zərərsizləşdirilməmiş xeyli sayda Rusiyaya bağlı hərbçilər də qalmaqdadır”.
Qeyd edək ki, Ermənistanın "Qraparak” qəzeti Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının əksər əməkdaşlarının hökumətin hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi təşəbbüsünə qəti şəkildə qarşı çıxdıqlarını iddia edir.
Məlumata görə, təcrübəli hərbçilər hökumətin "artıq müharibə olmayacaq” arqumentini əsassız hesab edir və sərhəd təhlükəsizliyi məsələlərinə əvvəlki meyarlarla yanaşmağın doğru olmadığını düşünürlər.
Baş Qərargahda hesab edirlər ki, "sülh yalnız güc yolu ilə təmin oluna bilər” və təqdim olunan hərbi xidmət islahatı layihəsi ciddi hesablamalarla əsaslandırılmayıb.
Xatırladaq ki, oktyabrın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, hərbi xidmətin müddətinin iki ildən bir il yarıma endirilməsi barədə qanun layihəsi qəbul olunarsa, o, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Rüfət Sultan
Şərhlər