Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEC təşkilatını və OPEC+ sazişindən çıxacağını elan edib. Məlumatda bu qərarın ölkənin uzunmüddətli strateji və iqtisadi hədəflərinə uyğun olduğu bildirilib.
BƏƏ-nin OPEC və OPEC+ formatından çıxmaq qərarı nə ilə bağlıdır? Bu addım daha çox siyasi, yoxsa iqtisadi motivlidir?
Qaynarinfo-nun suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, bu qərar həm siyasi, həm də iqtisadi xarakter daşıyır:
"Bu qərarın siyasi motivlərindən danışsaq, qeyd etməliyəm ki, əsas səbəblərdən biri 2025-ci ildə OPEC-də aparıcı rol oynayan Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yaranmış gərginlikdir. Bu gərginliyin kökləri isə daha qədim dövrlərə gedib çıxır. 1970-ci illərin əvvəllərindən etibarən Səudiyyə Ərəbistanı yalnız müqəddəs dini mərkəzlərə malik ölkə kimi deyil, həm də yüksək neft gəlirləri və böyük hasilat imkanları ilə Ərəbistan yarımadasının aparıcı dövləti olub. Lakin son 50 ildə region ölkələrinin gəlirləri əhəmiyyətli dərəcədə artıb və bu, güc balansını dəyişib.
İlk olaraq Qətər Səudiyyə Ərəbistanının təsirindən kənar müstəqil siyasət yürütməyə başladı. Bu iki ölkə arasında münasibətlər hətta bir-birinə qarşı embarqo tətbiq olunacaq səviyyəyə qədər gərginləşmişdi.
Hazırda isə BƏƏ bu addımı ilə bir növ mesaj verir, böyük maliyyə və iqtisadi imkanlara malik olduğunu, müstəqil qərarlar vermək gücündə olduğunu nümayiş etdirir. Digər tərəfdən, son qlobal hadisələr, xüsusilə ABŞ-İsrail-İran qarşıdurması fonunda BƏƏ-nin iqtisadi itkiləri diqqətəlayiqdir. Bu itkilər bəzi hallarda İran ilə müqayisədə daha yüksək olub. Çünki BƏƏ-nin qeyri-neft sektoru regionda ən inkişaf etmiş sahələrdən biridir.
Ticarət axınlarının azalması, logistikanın zəifləməsi və maliyyə bazarındakı enişlər xüsusilə Dubay üçün ciddi itkilərlə nəticələnib. Hesablamalara görə, Dubayın gündəlik gəliri təxminən 550–600 milyon dollar azalıb. İran isə bildirir ki, Hörmüz boğazı ətrafındakı gərginlik səbəbindən gündəlik təxminən 500 milyon dollar gəlir itirir. Belə bir şəraitdə BƏƏ itkiləri kompensasiya etmək üçün hasilatı artırmaq niyyətindədir. Bunun üçün isə OPEC kimi kvota məhdudiyyətləri tətbiq edən platformalardan çıxmaq məntiqli addım hesab olunur. Ölkənin resursları hasilatı 25–30 faiz artırmağa imkan verir. Bu qərarın siyasi-iqtisadi izahı məhz bundan ibarətdir".
Ekspert BƏƏ-nin OPEC-dən çıxmasının qlobal neft bazarına təsirini isə şişirtməməyi tövsiyə edir:
"BƏƏ hasilatını maksimum 500–600 min barel artıra bilər. Bu isə dünya neft bazarına ciddi təsir göstərəcək həcmdə deyil. Qlobal bazara təsir etmək üçün hasilat həcmi Səudiyyə Ərəbistanı, Rusiya və ya ABŞ səviyyəsində olmalıdır. BƏƏ-nin mövcud potensialı bu miqyasda deyil".
İlham Şaban bu qərarın Azərbaycana mümkün təsirlərinə də toxunub:
"Bu addımın Azərbaycan üçün praktik təsiri gözlənilmir. Azərbaycanın başqalarının kvotasını ələ keçirərək bazara əlavə neft çıxarmaq imkanı yoxdur. Ölkədə neft hasilatı 2010-cu ilin üçüncü rübündən etibarən azalır. Son 5 ildə hasilat təxminən ildə 1 milyon ton azalıb. Bu ilin birinci rübünün nəticələri də göstərdi ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilk dəfə rübü kəsirlə başa vurub".
Ekspert həmçinin BƏƏ-nin təşkilatdan çıxmasının OPEC-in dağılmasına səbəb olmayacağını vurğulayıb:
"OPEC 1960-cı illərdə yaradılmış dinamik bir təşkilatdır. Zaman-zaman bəzi ölkələr çıxır, digərləri isə qoşulur. Buna görə də BƏƏ-nin qərarının təşkilatın dağılmasına gətirib çıxaracağını düşünmürəm".
Günay İlqarqızı
Şərhlər