Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı pilotsuz uçuş aparatları sahəsində proqramlarını sürətlə genişləndirərək yalnız hazır sistemlərin idxalına deyil, həm də texnologiya transferinə və yerli istehsala üstünlük verir.
Qaynarinfo xəbər verir ki, "Forbes"un məlumatına görə, BƏƏ-nin müdafiə holdinqi "EDGE Group" İsrailin "Elbit Systems" şirkəti ilə "Hermes 900" tipli kəşfiyyat dronlarının tədarükü barədə danışıqlar aparır. 30 saatdan çox havada qala bilən və 9 km hündürlüyə qalxmaq imkanına malik bu aparatlar yalnız alınmayacaq, həm də lisenziya əsasında birbaşa Əmirliklərdə yığılacaq.
Mərhələli texnologiya ötürülməsi planı ölkənin bu sistemlərin istehsalçısına çevrilməsinə şərait yaradacaq. Bu addım BƏƏ-nin 2025–2028-ci illəri əhatə edən müdafiə sektorunu gücləndirmə və texnoloji müstəqilliyi artırma strategiyasına uyğun olaraq həyata keçirilir.
Eyni zamanda, Səudiyyə Ərəbistanı da öz pilotsuz aparat parkını genişləndirir. 2023-cü ilin iyulunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərindən sonra Ər-Riyad "Baykar Defense" şirkəti ilə ağır zərbə dronları "Akıncı"nın tədarükünə dair rekord müqavilə imzalayıb. Müqavilə, həmçinin krallıq ərazisində istehsalın qurulmasını da nəzərdə tuta bilər.
BƏƏ daha əvvəl 20 ədəd türk istehsalı "Bayraktar TB2" dronu alıb, hazırda isə 120 ədədin tədarükü və onların istehsalı üçün zavod tikintisi ilə bağlı danışıqlar aparılır. Səudiyyə Ərəbistanı da "Baxış 2030" islahat proqramı çərçivəsində yüksək texnologiyalı silah istehsalını ölkə daxilinə köçürməyi hədəfləyir.
Mütəxəssislər hesab edirlər ki, bu tip sazişlər Yaxın Şərqdə dron istehsalında ağırlıq mərkəzinin idxalçıdan regional istehsalçı və ixracatçı statusuna keçidinin sürətləndiyini göstərir.
Aydın
Şərhlər