"MV Hondius" gəmisində baş verən hantavirus faciəsi dünya gündəminə çevrilib. Tətil üçün yola çıxan amerikalı həkim Dr. Stiven Kornfeld isə qəfil yayılan ölümcül virus səbəbindən gəmidə sərnişinlərin həyatını xilas etməyə çalışan əsas şəxslərdən birinə çevrilib.
Qaynarinfo xəbər verir ki, Atlantik okeanında səyahət edən gəmidə üç nəfər həyatını itirib, onlarla sərnişin isə müşahidə altına alınıb.
Dr. Stiven Kornfeld ötən ay Argentinanın cənubundan "MV Hondius” gəmisinə minərkən buzlaqları, uzaq adaları və vəhşi təbiəti kəşf etməyi planlaşdırırdı. Lakin gəmidə hantavirus yayılmağa başlayandan və gəminin əsas həkimi də xəstələnəndən sonra o, təcili şəkildə tibbi yardım göstərməyə başlayıb.
"Bir növ gəmi həkimi rolunu üzərimə götürdüm", deyə o, hazırda Kanar adalarındakı Tenerife istiqamətində hərəkət edən gəmidən CNN-ə bildirib.
ÜST: Yeni yoluxmalar mümkündür
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gəmi ilə əlaqəli beş təsdiqlənmiş hantavirus hadisəsinin qeydə alındığını açıqlayıb. Bundan əlavə, bir neçə şübhəli yoluxma faktı da araşdırılır.
Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi isə Tristan da Kunha adasında britaniyalı bir şəxsdə əlavə şübhəli yoluxma aşkarlandığını bildirib.
Dr. Stiven Kornfeld qeyd edib ki, ilk sərnişinin vəziyyəti ağırlaşdıqdan qısa müddət sonra bir neçə nəfərdə oxşar simptomlar yaranmağa başlayıb.
"12–24 saat ərzində çox sayda insanın xəstələndiyi və vəziyyətlərinin sürətlə pisləşdiyi aydın oldu", deyə o bildirib.
Üç nəfər həyatını itirib
Virus səbəbindən ölənlər arasında yaşlı niderlandlı cütlük də var. Onların Argentinada səyahət zamanı virusa yoluxduğu ehtimal edilir.
Gəmidə ümumilikdə 146 sərnişin və heyət üzvü olub. Onların arasında 17 ABŞ vətəndaşı da var. Gəminin bazar günü Tenerife limanına çatacağı gözlənilir.
"Hantavirus çox sürətlə ağırlaşa bilir"
Həyatını itirən hollandiyalı kişinin həyat yoldaşında çaşqınlıq və güclü halsızlıq müşahidə olunub. Qadın gəmidən təxliyə olunduqdan sonra Cənubi Afrikanın Yohannesburq şəhərində xəstəxanada vəfat edib.
Digər xəstələrdə isə yüksək hərarət, yorğunluq, səpkilər, mədə-bağırsaq problemləri və nəfəs darlığı qeydə alınıb.
Dr. Stiven Kornfeld bildirib ki, hantavirusun ən təhlükəli tərəfi xəstənin vəziyyətinin çox qısa müddətdə kritik həddə çatmasıdır.
Gəminin əsas həkiminin vəziyyətinin yaxşılaşdığı bildirilir. Digər xəstələr isə Hollandiya və İsveçrəyə göndərilib.
Qlobal izləmə əməliyyatı başlanıb
Səhiyyə qurumları karantin tədbirlərindən əvvəl gəmini tərk edən sərnişinləri tapmaq üçün beynəlxalq izləmə prosesinə başlayıb.
24 aprel tarixində 12 müxtəlif ölkədən ən azı 29 sərnişin "Sent-Helena” adasında gəmidən ayrılıb. Onların arasında ABŞ və Böyük Britaniya vətəndaşları da var.
Bir ispan sərnişin vəziyyətin mürəkkəbliyini belə təsvir edib:
"Avstraliyalılar Avstraliyaya, tayvanlılar Tayvana, amerikalılar isə Şimali Amerikanın müxtəlif bölgələrinə dağıldılar".
"Bu, yeni COVİD pandemiyası deyil”
ÜST nümayəndələri hadisənin ciddi olduğunu qəbul etsələr də, bunun COVİD-19 miqyaslı pandemiyaya çevriləcəyini düşünmürlər.
ÜST-nin epidemiya hazırlığı üzrə direktoru Dr. Mariya Van Kerkhove bildirib: "Bu, pandemiyanın başlanğıcı deyil. Bu, COVİD deyil”.
ÜST rəhbəri Tedros Adhanom Gebreyesus isə Andes hantavirus ştamının altı həftəyə qədər inkubasiya dövrünə malik olduğunu və yeni yoluxmaların qeydə alına biləcəyini deyib.
Buna baxmayaraq, təşkilat hazırda qlobal ictimai sağlamlıq riskini "aşağı” səviyyədə qiymətləndirir.
Müşahidə və müalicə davam edir
Hazırda müxtəlif ölkələrdə gəmi ilə əlaqəli şəxslər müşahidə altındadır:
* Niderland: bir həkim, alman sərnişin və britaniyalı ekspedisiya bələdçisi müalicə alır.
* İsveçrə: Sürixdə müalicə olunan bir sərnişində virus təsdiqlənib.
* ABŞ: CDC Corciya, Kaliforniya və Arizona ştatlarına gedən sərnişinləri izləyir.
* Böyük Britaniya: iki sərnişin 45 günlük izolasiya nəzarətinə götürülüb.
* Sinqapur və Danimarka da sərnişinləri karantinə alıb.
Aydın
Şərhlər