Xəbər lenti

Bill Qeytsdən Epşteyn etirafları:
Dünya 20:48 11.06.2026

Bill Qeytsdən Epşteyn etirafları: "Məni şantaj etdi"

"Microsoft”un həmtəsisçisi və keçmiş baş icraçı direktoru Bill Qeyts ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsində Ceffri Epşteynlə bağlı araşdırma çərçivəsində ifadə verib. Qeyts bildirib ki, Epşteyn onun şəxsi həyatı ilə bağlı məlumatlardan istifadə edərək şantaj etməyə çalışıb.

Qaynarinfo xəbər verir ki, komitədə çıxışı zamanı Qeyts Epşteynin cinayət fəaliyyəti ilə bağlı hər hansı hadisənin şahidi olmadığını deyib.

"Mən Epşteynin davam edən cinayət fəaliyyəti ilə məşğul olduğuna dair heç nə görməmişəm. Onun adasına, villasına və ya Floridadakı evinə heç vaxt getməmişəm. Heç kimə zərər verməmişəm. O, mənimlə şəxsi münasibət qurmağa çalışsa da, buna maraq göstərmədim və qarşılıq vermədim", deyə Qeyts bildirib.

Bill Qeyts sonradan Epşteynin onun şəxsi həyatı barədə həssas məlumatlara sahib olduğunu öyrəndiyini qeyd edib: "Epşteynin mənim şəxsi həyatımla bağlı, o cümlədən evliliyim dövründə sədaqətsizlik etdiyim faktı barədə məlumatlı olduğunu öyrəndim. Bu münasibətlərin Epşteynlə əlaqələrimlə heç bir bağlılığı yox idi, lakin ailəm üçün ağrılı məsələ idi".
 


Qeyts bildirib ki, Epşteynlə 2011-ci ildə tanış olub. Həmin vaxt Epşteyn qlobal səhiyyə layihələri üçün milyardlarla dollar maliyyə cəlb edə biləcəyini söyləyib: "Onun keçmişdə hüquqi problemlərinin olduğunu bilirdim, lakin törətdiyi cinayətlərin miqyasını tam anlamamışdım. Bu tanışlığı lazımi araşdırma aparmadan qəbul etdim".

O, Epşteynlə əlaqələrinin məhdud xarakter daşıdığını və bütün təmasların 2014-cü ilin dekabrında başa çatdığını bildirib. Qeyts ifadəsində qeyd edib ki, əlaqələr kəsildikdən sonra Epşteyn onun şəxsi həyatı barədə məlumatlardan və "bu məlumatlara əlavə etdiyi yalanlardan” istifadə edərək yenidən əlaqə qurmağa çalışıb.

"Bu cəhd uğursuz oldu. Amma bu, onun mənimlə olan tanışlığından öz məqsədləri üçün istifadə etməyə çalışdığını göstərir. Əslində, mən heç vaxt onunla görüşməməli idim. Bu, böyük mühakimə səhvi idi", deyə Qeyts vurğulayıb.
 


İfadə bir neçə saat davam etdikdən sonra Qeyts Konqres binasını tərk edib və jurnalistlərin suallarını cavabsız qoyub. Məlumata görə, Qeytsin vəkili komitəyə bildirib ki, müştərisi Epşteyn işi ilə birbaşa əlaqəsi olmayan evlilikdənkənar münasibətlərlə bağlı sualları cavablandırmayacaq.

Komitə Qeytsi yeni yayımlanmış sənədlərdə yer alan bəzi iddialarla əlaqədar könüllü ifadə verməyə dəvət edib. Həmin sənədlərdə 2013-cü ilin iyul tarixinə aid olduğu bildirilən və Epşteynin özü tərəfindən yazıldığı ehtimal olunan iki elektron məktub layihəsi yer alıb.

Bu məktublarda Epşteynin Qeyts üçün qadınlarla görüşlər təşkil etdiyi və cinsi yolla keçən xəstəliklə bağlı dərman təmin etdiyi iddia olunurdu. Bill Geyts isə bu ittihamların hamısını təkzib edib.

Aydın
--> -->