"Microsoft"un qurucusu, milyarder iş adamı Bill Qeytsin ABŞ Konqresində Ceffri Epşteynlə əlaqələri barədə verdiyi ifadədə şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar etdiyi məlum olub.
Qaynarinfo xəbər verir ki, Qeyts keçmiş həyat yoldaşı Melinda Qeytslə evli olduğu dövrdə onu üç fərqli qadınla aldatdığını etiraf edib.
Qapalı iclasın materialları üzə çıxıb
70 yaşlı Bill Qeyts iyunun 10-da ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsində qapalı iclasda Ceffri Epşteynlə əlaqələri barədə ifadə vermişdi. Həmin iclasın protokollarında şəxsi həyatı ilə bağlı etirafların yer aldığı bildirilir.
Qeyts Melinda Qeytslə evli olduğu müddətdə nikahdankənar münasibətlər yaşadığını təsdiqləyib.
Etiraf edilən şəxslərin adları açıqlanıb
Sualları cavablandırarkən Bill Qeyts münasibətdə olduğu qadınlardan birinin Harvard Tibb Məktəbində doktorluq dərəcəsi almış tibbi texnologiyalar sahibkarı Elis Ceykobs Nesselrodt olduğunu bildirib.
Digər qadının ABŞ-da təhsil almış rusiyalı alim Karima Niqmatulina, üçüncüsünün isə özündən 30 yaş kiçik olan bric oyunçusu Mila Antonova olduğu qeyd olunub.
"Daily Mail"in məlumatına görə, Qeyts 2013-cü ildə nikahdankənar münasibətlərindən birini həyat yoldaşına etiraf etdiyini və bunun Melinda üçün "çox ağrılı” olduğunu bildirib. Onun sözlərinə görə, həmin vaxt boşanma məsələsi gündəmə gəlməyib.
Münasibətlərin əksəriyyəti 2013-cü ildən əvvəl baş verib
Məlumata əsasən, sözügedən münasibətlərin əksəriyyəti 2013-cü ildən əvvəl yaşanıb. Buna baxmayaraq, Melinda Frenç Qeyts boşanma qərarını yalnız 2021-ci ildə verib.
Hazırda öz tibbi məsləhət şirkətini idarə edən doktor Elis Ceykobsla münasibətin isə 2010-cu ildən əvvəl başladığı bildirilir.
Epşteynlə əlaqələrə dair suallar
Komitə üzvləri bildiriblər ki, doktor Ceykobs ilk dəfə 2009-cu ilin oktyabrında Ceffri Epşteynlə əlaqə qurub. Sonradan onun Bill Qeytsin yaxın dostlarından biri olan Boris Nikoliçi Epşteynlə tanış edəcək qədər yaxın münasibət qurduğu ortaya çıxıb.
Bir elektron məktubda Ceykobsun Nikoliçi "ən yaxşı dostum” adlandırması ilə bağlı suala cavab verən Qeyts onların yalnız peşəkar münasibətlər çərçivəsində dost olduqlarını düşündüyünü və Ceykobsun Epşteynlə tanışlığından xəbərsiz olduğunu bildirib.
Antonova ilə münasibət və şantaj iddiaları
Mila Antonova ilə münasibət barədə məlumatlar daha əvvəl Ceffri Epşteynin Bill Qeytsi şantaj etməyə çalışdığına dair ehtimalları da gündəmə gətirmişdi.
"The Wall Street Journal"ın 2023-cü ildə yayımladığı elektron məktublara görə, Epşteyn Antonova ilə bağlı bəzi xərclərin Qeyts tərəfindən ödənilməsini tələb edib.
Bill Qeyts bildirib ki, 2014-cü ildə Epşteynlə əlaqələrini kəsdikdən sonra belə bir tələb irəli sürülüb. O, yüksək vəzifəli məsləhətçilərindən birinə "heç vaxt heç nə ödəməyəcəyik” göstərişi verdiyini deyib.
Cinsi yolla keçən xəstəliklə bağlı suala cavab
İclas zamanı Epşteynin hazırladığı elektron məktub layihələrinə istinad edilərək Bill Qeytsə cinsi yolla keçən hər hansı xəstəliyinin olub-olmadığı barədə də sual verilib.
Qeyts bu iddianı rədd edərək bildirib:
"Heç vaxt cinsi yolla keçən xəstəliyim olmayıb. Belə bir xəstəliyim ola biləcəyindən narahat olduğumu ifadə etmiş ola bilərəm, bunu xatırlamıram. Lakin heç vaxt belə bir xəstəliyim olmayıb”.
Aydın
Şərhlər