Amal Abuşov
İdman 10:11 23.11.2023

Bizdə Ramil, onlarda Nuralı

Gözlənilən gün yetişdi, Canni De Byazi Azərbaycan millisindən ayrıldı. Təəssüf ki, onu postundan qovub, ürəyimizdən tikan çıxarmadılar. Belçikadakı sonuncu sərsəmləmələrindən sonra onu heç Bakıya gətirmək lazım deyildi. Görünür, AFFA rəhbərliyinin Canninin qarşısında dili qısaymış. Yaxud da müqaviləsində elə bəndlər var ki, italyanı Brüsseldən Bakıya gətirmək, burdan da evinə yola salmaq tələb olunurmış. De Byazi mövzusuna az sonra qayıdacağam. Hələliksə diqqət yetirəcəyimiz başqa məqamlar var.

Bu yaxınlarda sosial şəbəkələrdə aparılan bir müzakirə diqqətimi çəkdi. "Füzuli” komandasının baş məşqçisi Amit Quluzadə postundan istefa verdiyi barədə "Feysbuk”da status yazmışdı. Statusdakı qrammatik səhvlər müzakirə və lağ-lağı mövzusuna çevrilmişdi. Guya ki, Azərbaycanda bütün futbolçular və məşqçilər dilimizdə əla yazıb-pozurmuş, bunu bircə Amit bacarmayıbmış. Mənim bildiyim qədəriylə Quluzadə ingilis dilində yaxşı danışır, gücünün son damlasına qədər də Avropada legioner həyatı yaşamaq üçün mübarizə apardı, müxtəlif klublarda özünü sınadı. Karyerasının nə yaxşı, nə də pis vaxtlarında Azərbaycan klublarında ona yer verən olmadı. "Füzuli”dəki işlərinin niyə alınmadığını da bilmirəm. Ona gələcək karyerasında, bu çətin yollarda uğurlar arzulayıram.

Amitin məruz qaldığı qısnama yadıma "Dədə Qorqud” filmindən bir epizodu saldı. Qazan Xan oğlu Turalı igidlərini basıb, yuxarı başa keçməkdə, ov ovlamamaqda, quş quşlamamaqda ittiham edir. Tural da qayıdır ki, ata, sən mənə nə vaxt yay çəkib, ox atmağı, ov ovlamağı, quş quşlamağı öyrətmisən? Qazan Xan da Turalın haqlı olduğunu deyib, səhvini boynuna alır. Yəni ki, biz nə vaxt Amitə və onun kimi digər futbolçularımıza oxumağı, yazmağı öyrətdik? Azərbaycanda futbol akademiyaları normal səviyyədə fəaliyyət göstərmir. Qəbələdən başqa heç yerdə azyaşlıya həm orta məktəb təhsili verən, həm də futbol oynamağı öyrədən bir akademiya yoxdur. Belədə uşaqlar da, valideynlər də seçim qarşısında qalır. Məşqlə məktəb yolları arasında qalan uşaqlar da seçim etməli olur. Nəticədə də ortaya gördüyümüz mənzərə çıxır. Normal top qovmağı bacaranımız normal yazıb-oxumağı bacarmır.

Di gəl ki, məsələnin təkcə akademiyalarla yekunlaşmadığını, problemin futbolçuların təfəkküründə də olduğunu görürük. Ramil Şeydayev ki, "Zenit”in akademiyasında yetişib. "Qarabağ”da 3-4 dəfə qol vurandan, Afinada "Olimpiakos”a qarşı əla oyun sərgiləyəndən sonra Azərbaycanı tərk etdi. Amma Avropaya yox, daha çox qazanmaq həvəsiylə Taylanda üz tutdu. Heç şübhəsiz ki, tayların azərbaycanlı futbolçuya təklif etdiyi məbləği avropalılar verməyəcəkdi. Tələsməmək, addım-addım irəliləmək, daha səviyyəli çempionatda çıxış edib, milyonçu olmağa can atmaq lazım idi. Şeydayev Taylanda ara-sıra qollar vurur, yüksək məhsuldarlıqdan isə danışmağa dəyməz. Millinin heyətində də ora-bura qaçmaqdan, boş yerə tər tökməkdən başqa heç nə edə bilmədi. Çünki Şeydayev artıq inkişaf etmir. Onun Tayland çempionatında bundan artıq inkişaf etməsi mümkün də deyil.

Qazax Nuralı Alıp neynəyir? Onun Sankt-Peterburq "Zenit”in heyətində və Qazaxıstan millisindəki çıxışı artıq "Mançester Yunayted”un skautlarının diqqətini cəlb edib. Qazax futbolçular Rusiyaya axın edəndə bizimkilər deyirdi ki, onlar Rusiyada legioner sayılmadıqlarına görə dəvət alırlar. Nuralı Alıp, Bəxtiyar Zeynotdinov kimi futbolçular "Zenit”də, ÇSKA-da "artırdı”, "Beşiktaş”dan, "Fənərbaxça”dan dəyəri milyon avrolarla ölçülən dəvət aldılar. Onların çıxışı Qazaxıstan millisini də irəli apardı. Bəxtiyar artıq "Beşiktaş”ın futbolçusudur. Nuralını "Fənərbaxça”ya buraxmaq üçün isə "Zenit” 5 milyon avro istədi. Türklər isə 3 milyon avro təklif edirdilər. İngilislər üçünsə 5 milyon avro yüksək məbləğ sayılmır. Deməli, qazax futbolçunu tezliklə "qırmızı şeytanlar”ın heyətində görə bilərik.

Bəli, söz verdiyim kimi, qayıdıram Canni De Byazi mövzusuna. İtalyanı yola salmaqla biz yalnız problemin birindən qurtulmuşuq. Problemlərin daha ciddiləri hələ də qarşımızdadır. Onların həllinə çalışmalı, yeni təfəkkürlü futbolçu nəsli yetişdirməliyik. Canninin boşaltdığı posta yeni bir əcnəbinin əyləşdirilməsi baş aldatmaqdan və futbola ayrılan milyonları göyə sovurmaqdan başqa bir şey deyil.

Amal Abuşov