Tək oyunçulu süni intellekt dövrləri geridə qalır. Bir vaxtlar sənayedə qabaqcıl hesab edilən "OpenAI" bazara ilk dəfə daxil olduğu zaman sahib olduğu mütləq dominantlığı qorumaq üçün mübarizə aparır. İstifadəçilərin internetdə axtarış aparmaq əvəzinə ChatGPT-yə müraciət etdiyi dövr daha şiddətli rəqabət mühitinə yol açıb.
Qaynarinfo xəbər verir ki, son bazar analizlərinə görə, şirkət hələ də lider olsa da, əvvəlki üstünlüyünü itirib. İlin əvvəlində bazarın yarıdan çoxuna sahib olan platformanın payı 46,4 faizə qədər geriləyib.
"Google” tərəfindən hazırlanan "Gemini” 27,7 faiz bazar payı ilə ən yaxın rəqib kimi önə çıxır. "Anthropic” şirkətinin "Claude” modeli isə 10,3 faizlik paya çataraq sürətli yüksəlişi ilə diqqət çəkir. Bildirilir ki, "Claude” illik aktiv istifadəçi sayını 640 faiz artırıb.
Digər alternativlər – "Perplexity”, "Grok” və sosial media əsaslı süni intellekt sistemləri isə ümumilikdə 5 faizlik pay uğrunda mübarizə aparır.
"OpenAI" ətrafında yaranan gərginliklər də istifadəçi bazasına təsir edib. Şirkətin Pentaqon ilə bağlı hərbi əməkdaşlıq iddiaları bəzi istifadəçilər arasında narazılığa səbəb olub və "QuitGPT” adlı boykot dalğasının yayıldığı bildirilir.
Eyni zamanda, platformaya reklamların inteqrasiya edilməsi də istifadəçi reaksiyalarını gücləndirib. Şirkətin bəzi məhsul inkişaf layihələrini təxirə saldığı və biznes modelində dəyişikliklərə getdiyi qeyd olunur.
Məlumata görə, "OpenAI" daxilində strategiya dəyişiklikləri və daha korporativ yönümlü yanaşma şirkətin imicinə mənfi təsir göstərib. Rəqiblər isə bu boşluqdan istifadə edərək daha sürətli inkişaf edir.
Bununla belə, şirkət hələ də bazarda ən böyük oyunçu olaraq qalır, lakin artan rəqabət onun mövqeyini ciddi şəkildə zəiflədir.
Aydın
Şərhlər