Xəbər lenti

Böyükşor gölündə nə baş verir? - Analiz nəticələri (FOTO)
Video 13:39 04.02.2026

Böyükşor gölündə nə baş verir? - Analiz nəticələri (FOTO)

Böyükşor gölündə 2 fevral 2026-cı il tarixində götürülmüş su nümunələrinin analizi yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktını təsdiqləməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Məlumata görə, göl suyunda ammonium ionunun aşağı səviyyədə olması yeni fekal çirklənmənin olmadığını göstərir. Suyun qələvi mühit reaksiyası və səthi aktiv maddələrin aşkarlanması isə əsasən yuyucu vasitələrin (detergentlərin) mövcudluğunu əks etdirir.

Xidmət bildirir ki, yüksək elektrik keçiriciliyi, həll olmuş duzlar və xloridlərin çoxluğu küləksiz günlərdə səthi aktiv maddələrin suda qeyri-aktiv formada qalmasına səbəb olur. Küləkli havada isə suyun mexaniki qarışması nəticəsində səthi aktiv maddələr səthdə toplanaraq köpük əmələ gətirir. Bu, ani çirklənmə deyil, sabunlu sular üçün tipik fiziki reaksiyadır.

Bildirilib ki, Dərnəgül–Bakıxanov–Qaraçuxur–Hövsan xətti üzrə 10,4 km-lik kollektorun, həmçinin Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Mehdiabad və Digah xətti üzrə 16 km-lik gətirici kollektorun tikintisi və məhsuldarlığı 40 000 m³/gün olan qurğuların istifadəyə verilməsi, həmçinin Bakı və Abşeron yarımadasında sutəchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi üzrə 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Qeyd edək ki, fevral ayında çəkilən görüntülər Böyükşor gölündə köpüklənmənin oluduğunu göstərir. 


--> -->