Bir neçə gün əvvəl Milli Məclisin keçirilən plenar iclasında deputat Əli Məsimli Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini təklif edib. Deputat çıxışında bildirib ki, neftə əsaslanan iqtisadi modeldən qeyri-neft sektorunun üstünlük təşkil etdiyi iqtisadi modelə keçid üçün qarşıya qoyulan hədəflərə nail olmağın əsas şərtlərindən biri sahibkarlığın inkişafıdır. Onun sözlərinə görə, bu isə mükəmməl qanunvericilik bazasının formalaşdırılmasını zəruri edir:
"İndiyə qədər sahibkarlıqla bağlı qəbul edilmiş qanunlar iqtisadi inkişafın müxtəlif mərhələlərini əhatə edib. Həmin qanunvericilik aktlarının əsasında, lakin daha mükəmməl formada Sahibkarlıq Məcəlləsinin qəbul edilməsini təklif edirəm".
Bəs Azərbaycanda Sahibkarlıq Məcəlləsinin qəbulu sahibkarlar üçün nəyi dəyişə bilər?
Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Natiq Cəfərli bildirib ki, Əli Məsimlinin yanaşması məntiqlidir və sahibkarlıq sahəsində mövcud problemlərə daha obyektiv yanaşmaq üçün ayrıca bir məcəllənin hazırlanması mümkün variantdır.
İqtisadçı qeyd edib ki, eyni zamanda mövcud qanunvericilikdə, xüsusilə də Vergi Məcəlləsində müsbət dəyişikliklər etməklə sahibkarlara dəstək göstərmək olar:
"Hazırda Vergi Məcəlləsinə görə Əlavə Dəyər Vergisi üzrə qeydiyyat həddi 200 min manatdır. Bu məbləğin 400 min manata qaldırılması gündəmdədir. Lakin prosedurlar kifayət qədər mürəkkəbdir, onları sadələşdirmək olar. Həmçinin ƏDV-yə cəlb olunmayan dövriyyə həddini 1 milyon manata qədər artırmaq mümkündür ki, sahibkarlar sadələşdirilmiş vergi ödəsinlər".
Natiq Cəfərli vurğulayıb ki, sahibkarların üzləşdiyi əsas problemlərdən biri də kreditlərə əlçatanlığın məhdud olmasıdır:
"Kiçik və orta sahibkarlıq subyektlərinin kreditlərə çıxışı üçün dövlət zəmanəti mexanizmlərinin yaradılması ilə bağlı qanunvericiliyə dəyişiklik etmək olar. Son dövrlərdə, xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarlar kredit əldə etməkdə ciddi çətinlik çəkirlər. Banklar kredit üçün əsasən daşınmaz əmlakı girov kimi tələb edir. Regionlarda isə daşınmaz əmlakın bazar dəyəri və likvidliyi aşağı olduğu üçün banklar bu əmlakları qəbul etmək istəmir".
İqtisadçının sözlərinə görə, bu problemləri Vergi Məcəlləsində və kredit mexanizmlərində müəyyən dəyişikliklər etməklə həll etmək mümkündür:
"Bununla belə, ayrı bir Sahibkarlıq Məcəlləsinin qəbul edilməsi ilə bütün bu problemlər vahid mərkəzdə cəmlənərək sistemli şəkildə həll edilə bilər".
Günay İlqarqızı
Şərhlər