Rusiya bankı "Bank VTB”nin törəmə qurumu olan "Bank VTB Azərbaycan”ın ölkədə rəsmi dövriyyədə olmayan ödəniş sistemi ilə fəaliyyət göstərir.
Qaynarinfo-nun verdiyi məlumata görə, 2022-ci ildən sanksiyalara məruz qalan "Bank VTB Azərbaycan” beynəlxalq məhdudiyyətlər fonunda müştərilərinə "alternativ ödəniş həlli" kimi Rusiyanın "Mir” ödəniş sistemi ilə işləyən POS-terminallardan istifadəni təqdim edir.
Hazırda Bakıda fəaliyyət göstərən bir sıra iri ticarət obyektlərində və digər sahibkarlıq subyektlərində "Bank VTB”yə məxsus POS-terminallar vasitəsilə "Mir” kartları ilə ödənişlərin aparıldığı iddia olunur. Başqa sözlə, Rusiyanın milli ödəniş sistemi olan "Mir”in "Bank VTB Azərbaycan”ın POS-terminalları tərəfindən dəstəkləndiyi hallar müşahidə edilir. Belə hallara paytaxtın müxtəlif ticarət mərkəzlərində və iaşə obyektlərində rast gəlindiyi qeyd olunur.
Qeyd edək ki, "Mir” ödəniş sistemi Rusiyanın milli kart/ödəniş infrastrukturu olub, Rusiya Mərkəzi Bankının nəzarətində fəaliyyət göstərən Milli Ödəniş Kartları Sistemi tərəfindən idarə olunur. Sistem beynəlxalq sanksiyalar fonunda Visa və Mastercard-a alternativ kimi yaradılıb. Hazırda "Mir” kartları əsasən Rusiya ərazisində tam şəkildə istifadə olunur. Bundan başqa, Belarus, Ermənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstan kimi Rusiyadan siyasi və iqtisadi mənada asılı olan ölkələrdə qismən dəstəklənir. Bir sıra dövlətlərdə isə "Mir” kartlarının qəbulu daha çox ATM-lər və ya turizm yönümlü obyektlərlə məhdudlaşır. Türkiyədə isə sistem müəyyən dövrlərdə və seçilmiş obyektlərdə qəbul edilsə də, sanksiya risklərinə görə bu proses sabit xarakter daşımır. Azərbaycanda da "Mir” ödəniş sistemi rəsmi bank və POS-terminallar şəbəkəsində qəbul edilmir və ölkənin milli ödəniş infrastrukturuna inteqrasiya olunmayıb.
Araşdırmalarımıza görə, bir müddət əvvəl (14 avqust, 2025-ci il tarixində) Azərbaycan Mərkəzi Bankı tərəfindən "Bank VTB Azərbaycan” ASC-nin vəzifəli şəxslərindən birinin qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Həmin məlumat müəyyən müddət Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilsə də, sonradan naməlum səbəblərlə saytdan çıxarılıb.
Qaynarinfo-nun mövzu ilə bağlı "Bank VTB Azərbaycan"a göndərdiyi sorğuya isə iki aydan çoxdur ki, cavab verilməyib və rəsmi mövqe təqdim edilməyib.
Qeyd edək ki, "Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Okayev İqor Anatolyeviçdir.
Əhməd
Fotoda: Okayev İqor Anatolyeviç
Şərhlər