Xəbər lenti

Borclar Rusiya Dəmir Yollarını
Dünya 16:37 19.12.2025

Borclar Rusiya Dəmir Yollarını "boğur": şirkəti göydələn satmağa məcbur edirlər

Rusiya hökuməti "Rusiya Dəmir Yolları”na (RJD) Moskvanın mərkəzində yerləşən 62 mərtəbəli göydələni satmaq göstərişi verib. Bu qərarın məqsədi dəmir yolu monopolistinin 50 milyard dollarlıq borcunun bir hissəsini ödəməkdir.

Qaynarinfo "Reuters” agentliyinə istinadla yazır ki, təxminən 700 min nəfərin çalışdığı dövlət şirkəti olan "Rusiya Dəmir Yolları” hərbi iqtisadiyyatın kəskin zəifləməsi fonunda gəlirlərin azalmasından zərər görüb. Eyni zamanda, son 20 ilin ən yüksək faiz dərəcələri səbəbindən borca xidmət xərcləri sürətlə artıb.

Moskva çayı sahilində yerləşən "Moskva-Siti” göydələnlər kompleksinin bir hissəsi olan "Moskva qüllələri”nin satışı variantı ötən həftə hökumət iclasında müzakirə olunub. "Reuters”in mənbəsinin bildirdiyinə görə, qərara alınıb ki, "Rusiya Dəmir Yolları” borcun bir hissəsini ödəmək və yükdaşımalar üzrə tariflərin kəskin artırılmasının qarşısını almaq üçün bu göydələni satmalıdır.

Mənbələrdən biri bildirib ki, RJD-yə binanı 2024-cü ildə alınmış qiymətdən aşağı satmamaq tapşırılıb. Rusiya KİV-lərinin məlumatına görə, həmin alışın dəyəri 193,1 milyard rubl (təxminən 2,42 milyard dollar) olub.

Əgər iqtisadi artımın ciddi şəkildə zəiflədiyi şəraitdə alıcı tapmaq mümkün olarsa, satış RJD-nin borc yükünün bir hissəsini azaltmağa kömək edə bilər. Qeyd olunur ki, bu il Rusiya iqtisadiyyatının artımı 2024-cü ildəki 4,3% ilə müqayisədə cəmi 1,0% təşkil edəcək.

Mənbənin sözlərinə görə, digər tədbirlərlə bağlı — yükdaşımalar üzrə tariflərin artırılması, borcun restrukturizasiyası, dövlət subsidiyaları, eləcə də vergilərin azaldılması və ya ödənişlərin təxirə salınması — hələlik qərar qəbul edilməyib.

Bununla yanaşı, bank borcunun bir hissəsinin səhmlərə çevrilməsi variantı hələ də müzakirə masasındadır. Mənbə əlavə edib ki, RJD, Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bank bu konversiyanın üç ilədək müddətə, Maliyyə Nazirliyinin maliyyə zəmanətləri ilə və geri alış opsionu ilə həyata keçirilməsi imkanını müzakirə etməlidirlər.

Lakin RJD-nin ən böyük kreditoru olan VTB bankının baş direktoru Andrey Kostin bildirib ki, kreditorlar borcun səhmlərə çevrilməsi təklifini rədd ediblər.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının yüksək faiz dərəcələri və iqtisadiyyatın zəifləməsi ölkədə son beş ildə ilk dəfə investisiyaların azalmasına səbəb olub. Belə vəziyyət sonuncu dəfə 2020-ci ilin üçüncü rübündə müşahidə edilmişdi.

Eyni zamanda, Rusiyada 2009-cu ildən bəri ilk dəfə ərzaq istehsalı azalır — səbəb əhalinin qidaya qənaət etməsidir.

Bununla paralel olaraq, RF federal büdcəsinin hərbi xərcləri 2025-ci ilin yanvar–sentyabr aylarında yeni rekord müəyyən edib və 11,854 trilyon rubla (təxminən 142,25 milyard dollar) çatıb.

Bundan əlavə, "Bloomberg” yazır ki, Moskva Ukraynaya müdaxilənin bədəlini illərlə ödəməli olacaq, çünki hökumət hərbi büdcədə yaranan, getdikcə böyüyən boşluğu rekord dərəcədə bahalı borclanma hesabına bağlayır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->