Dünya 15:40 16.05.2023

Borrel: "Rusiya neftindən hazırlanan benzin Avropaya Hindistandan daxil olsa..."

Avropa İttifaqı Hindistanın Rusiya neftini yanacaq, o cümlədən dizel şəklində Avropaya satmasının qarşısını almalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Cosep Borrel "Financial Times"a müsahibəsində bildirib.

"Əgər Rusiya neftindən hazırlanan dizel və ya benzin Avropaya Hindistandan daxil olsa, bu, əlbəttə ki, sanksiyalardan yayınmadır və blokun üzvləri hərəkətə keçməlidir", - Borrel bildirib.

"Hindistanın Rusiya neftini alması normaldır, - Aİ rəsmisi əlavə edib. - Əgər onlar bunu, Rusiya neftini emal edib və məhsulları sonradan bizə satmaq məqsədilə mərkəzə çevrilmək üçün istifadə edirlərsə, biz hərəkətə keçməliyik”.

Qeyd edək ki, mart ayında Rusiyadan Hindistana neft idxalı yeddinci ay ardıcıl olaraq artıb və Rusiya ilk dəfə İraqı qabaqlayaraq bu ölkənin ən böyük təchizatçısı olub. 

Borrel Rusiya xammalından hazırlanan Hindistan neft emalı zavodlarının məhsullarının avropalı alıcılara satmasına qarşı tədbir görülməsini təklif edib.

"Satırlarsa, deməli, kimsə alır. Biz alanlarla məşğul olmalıyıq”, - deyə rəsmi bildirib.

Nizami Bağırov