Siyasət 14:16 06.04.2023

Bu addım İranın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsidir - Partiya sədrləri

"Tehranın Azərbaycanın daxili işlərinə qarışması yolverilməzdir. Bu addımı ilə İran bir daha bizim işlərimizə müdaxilə etdiyini göstərdi".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn İran parlamentinin Azərbaycana qarşı bəyanat qəbul etməsini şərh edərkən deyib.

Sabiq baş nazir qeyd edib ki, İran parlamentinin bu addımı Azərbaycanın daxili işlərinə kobud müdaxiləsidir:


 
"Birinci dəfə deyil ki, İran Azərbaycan-İsrail münasibətləri barədə belə açıqlamalar verir. İran parlamentinin bu addımı Azərbaycanın daxili işlərinə kobud müdaxiləsidir. Azərbaycan öz siyasətini müstəqil şəkildə qurur. Tehranın bu cür bəyanatlarına xüsusi müəyyənedici amil kimi baxmaq lazım deyil”. 

AĞ Partiyanın başqanı Tural Abbaslının fikrincə, bu hal İran adlı ölkədə dövlətçilik anlayışının olmamasından xəbər verir:


 
"Heç bir ölkənin daxili işlərinə başqa dövlətlər qarışa bilməz. Azərbaycan xarici siyasətini müstəqil şəkildə yürüdür və buna görə nə İran, nə ABŞ, nə Fransa, nə də digərlərinə hesabat vermək məcburiyyətində deyil. Dövlət olaraq Azərbaycan xalqından başqa heç kimə hesabat vermək məcburiyyətində deyilik. Ona qalsa, Bakı da İranın Ermənistanda birbaşa Azərbaycan əleyhinə addımları barədə kifayət qədər bəyanatlar verə bilər. Bakının İsraildə səfirlik açılmasının İrana heç bir təhdidi yoxdur, olmayıb və olmayacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, nə özü İrana qarşı hər hansı bir koalisiyada iştirak etməyəcək, nə də ərazimizdən Tehrana qarşı istifadə olunmasına imkan verməyəcək. İran başından böyük bəyanatlar verir. Yaxşı olardı ki, Tehran rejimi ölkənin daxili problemlərini həll etsin”. 

Qeyd edək ki, İran parlamenti Azərbaycana qarşı bəyanat qəbul edib. Bəyanatda Azərbaycanın İsraildə səfirlik açması pislənilib. Parlamentin 210 üzvü bəyanatın leyhinə səs verib. Eyni zamanda, deputatlar İran Xarici İşlər Nazirliyini bu məsələ ilə bağlı lazımi diplomatik addımlar atmağa çağırıb. 

Rüfət Sultan