Xəbər lenti

Siyasət 13:03 22.09.2023

"Bu görüş sülh müqaviləsinə ən böyük əngəli aradan götürdü" - Politoloq

"Yevlaxda baş tutan görüşlə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün mövcud olan ən böyük maneə faktiki olaraq aradan götürüldü”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev dünən baş tutan Yevlax görüşünün nəticələrini şərh edərkən deyib. Politoloq bildirib ki, həmin görüşə qədər Azərbaycanın reinteqrasiya təkliflərinə şübhələr mövcud idi: 

"Ermənilər düşünürdü ki, əsas məqsəd guya Qarabağda ermənilərin etnik təmizlənməsini həyata keçirməkdir. Amma Yevlax görüşü bu şübhələrin tam yanlış və əsassız olduğunu ortaya qoydu. Bunun əksinə, görüşdə ortalığa real reinteqrasiya planı, Azərbaycanın humanitar yardıma hazır olduğu bir daha ortaya qoyuldu. Bakı bir çox güzəştlərə getməyə hazır olduğunu da diqqətə çatdırdı ki, Qarabağda dinc həyat təmin edilsin. Həqiqətən də ümumi meyl olarsa, ermənilərin yenə də orada yaşaması üçün imkanlar veriləcək”. 



Arif Əliyev deyib ki, bu prosesin reallaşması ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün ən böyük maneə faktiki olaraq aradan götürüldü: 

"Ermənistan həmişə Qarabağdakı ermənilərin təhlükəsizliyi vacibliyini ortalığa ataraq, ona təminat almağa çalışırdı. Yevlax görüşünün reallaşması nəticəsində isə Qarabağ ermənilərinin özləri bilavasitə nümayəndələri vasitəsilə prosesdə iştirak edirlər. Nəticədə, bu bəhanə də artıq ortadan götürülür”. 

Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsi olaraq sentyabrın 21-də Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərilə Azərbaycan nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Qarabağ ermənilərinə reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?