Xəbər lenti

Hüseynbala Səlimov
Dünya 15:39 01.01.2024

Bu il Rusiyanın əl-qolu daha da açılacaq?..

Rusiyalı siyasi təhlilçilərin "Ən azı daha bir prezidentlik müddətində Rusiya Ukrayna ilə vuruşacaqdır” kimi proqnozları etiraf edək ki, heç də birmənalı reaksiya doğurmur.
 
Ona görə ki, buradan təkcə belə nəticə hasil olmur ki, Moskvanın Kiyevdən əl çəkmək fikri yoxdur, həm də belə anlaşılır ki, ruslar hətta özləri də sürətli qələbəyə inanmır və eləcə də Qərbin Rusiyanı tükəndirmək kimi planlarından ehtiyatlanmırlar, nə qədər lazımdırsa, Ukrayna ilə bir o qədər də savaş aparmaq niyyətindədirlər.
 
Bütün bu ehtimallar və gümanlar yeni ilin əvvəlində heç vaxt olmadığı qədər maraqlı və diqqətçəkəndirlər. Təkcə siyasi təhlilçilər yox, elə siyasətçilərin özləri də bir məsələni aydınlaşdırmağa çalışırlar: görən, bu il Rusiya-Ukrayna müharibəsi üçün hansı gedişatı vəd edir? Bəri başdan deyək ki, onlar arabir Rusiya əvəzinə Avropanın və ABŞ-ın tükəndiyini iddia edirlər.
 
Qərbin özünə gəldikdə isə, Co Bayden seçki prosesinə rəsmən start verilənə qədər Ukraynaya böyük yardım məsələsini həll etmək istəyir. Avropanın isə işi gətirmir ki, gətirmir – Macarıstan Avropa İttifaqının Kiyevə böyük yardımına veto qoyubdur və elə bu səbəbdən də Brüssel alternativ yollar arayır...
 
Amma proses dərinləşdikcə suallar da azalmaq əvəzinə bir az da artır. Hamı soruşur ki, Rusiya bundan nə qazandı? Əvvəlcə onu deyək ki, getdikcə daha çox Rusiya vətəndaşı hərbi səfərbərlikdən yayınmaq üçün ölkəni tərk edərək başqa ölkələrə qaçırlar. Ona görə də "Müharibə Rusiyadan uzaqlarda baş verir və ruslar onu hiss etmirlər” kimi bəyanat və qiymətləndirmələr heç də həqiqəti əks etdirmirlər – yox, Rusiya cəmiyyəti də, ölkə iqtisadiyyatı da müharibəni gözəl hiss edir. Hazırda Moskva Ukrayna ərazsinin 17-20 faizinə nəzarət edir. Amma Kremlin guya ən əsas hədəfi NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq idi. O, buna nail oldumu? Qətiyyətlə demək olar ki, yox, olmadı – iş elə gətirdi ki, Ukraynadan daha güclü və inkiışaf etmiş iki ölkə Bloka üzv olmağa qərar verdilər.
 
Ona görə də "Rusiyanın dərdi keçmiş post-sovet ölkələridir” demək daha düzgün olardı. Rusların müharibənin daha bir neçə il də davam edəcəyini deməsi belə anlama gətirir ki, onların hətta bu məqsədi də əlçatan deyil. Təsadüfi deyil ki, Putin arabir Ukraynanı bölməyə hazır olduğuna işarə edir. Ən azı ona görə ki, nisbi hərbi uğursuzluqlara rəğmən ABŞ-ın və Avropanın da Ukraynadan vaz keçməyəcəyi anlaşılır. Vəziyyət kardinal şəkildə bircə halda dəyişə bilər – ABŞ-da keçmiş prezident Donlad Tramp hakimiyyətə gəlsə. Amma indi ABŞ-ın iki ştatı Trampın ərazilərində prezidentliyə namizəd olmasını yasaq edən qərar qəbul edib. Bu ştatların sayı bir az da arta bilər, amma hələ ki, hamı Ali Məhkəmənin qərarını gözləyir. Üstəgəl, Avropa İttifaqının Ukraynanın həm NATO-ya və həm Aİ-a üzv olmağa namizəd ölkə kimi statusunu artırmağa davam etməsi Brüsselin də Kiyevlə bağlı planlarının çox ciddi olmasından xəbər verir.
 
O ki qaldı Rusiyaya, onun yaxın Şərqi Avropadakı mövqeləri tamam bir tərəfə, hətta keçmiş "qırmızı imperiya”nın Cənubi Qafqazlarda da rəqibləri peyda olubdur – ABŞ və Avropa Ermənistanda və Gürcüstanda möhkəmlənməyə cəhd edirlər. Bu yaxınlarda Aİ nümayəndəsi dedi ki, onlar Ermənistranda daha çox işləməli olacaqlar. Bu da heç təsadüfi deyil, çünki Ermənistan bölgədə Rusiyanın daha çox təsir rıçaqları olan ölkə hesab olunur.
 
Dekabrın son günlərində İrəvan bir daha Avrasiya Birliyində sədrliyi qəbul etdi. Amma Ermənistanın baş naziri bu xüsusdakı sammitdə bəyan etdi ki, Avrasiya Birliyi müstəvisindəki əlaqələrə heç bir halda geosiyasi kontekst vermək lazım deyil, bunlar sırf iqtisadi əlaqələrdir. Bu isə o deməkdir ki, İrəvan özünün siyasi ağalarını artıq Rusiyadan kənarlarda axtarmaqda qərarlıdır...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->