Hüseynbala Səlimov
Dünya 10:32 25.03.2024

Putin daha altı il qazandı: amma bu, nəyisə dəyişəcəkmi?

Əlbəttə, indi Rusiyada siyasi gündəmi Moskva vilayətində baş vermiş müdhiş terror hadisəsi müəyyən edir. Biz bu sətirləri yazanda 150-ə yaxın adamın həlak olduğu bildirilirdi və Rusiyada ümummilli matəm elan olunmuşdu.

Bəli, demək olar ki, indi hamı bu haqda yazır və danışır. Amma biz bir az da əvvəldən – prezident seçkisindən başlamaq istərdik. Həm də ona görə ki, müdhiş terror olayı Vladimir Putinin növbəti prezidentliyinin ilk günlərinə təsadüf etdi.  

Qərəz, martın ikinci ongünlüyündə böyük geosiyasi qarşıdurmanın bir aktoru ilə bağlı vəziyyət aydınlaşdı, Rusiya özünün növbəti müddət üçün prezidentini seçdi. 

Əslində bu məsələ ilə bağlı qaranlıq heç nə yox idi, hamıya çox yaxşı məlum idi ki, növbəti prezident də elə Vladimir Putin olacaq. 

Maraqlısı budur ki, prezident seçkisi etirazlarsız keçmədi, insanlar etirazlarını müxtəlif şəkildə bildirdilər və bununla da iki mifi dağıtdılar. Bunlardan ən əsası da o idi ki, guya ruslar Putinin siyasətinə ümumiyyətlə etiraz etmirlər. İndi etiraz məsələsində növbə Qərb dövlətlərinindir, onlardan bəzisi Putini prezident kimi tanımaqdan imtina edir və bu məsələdə əsas detal təkcə Ukrayna müharibəsi deyil, Rusiyada prezident seçkiləri ərəfəsində dəhşətli bir hadisə baş verdi – müxalifətçi Aleksey Navalnı həbsxanada dünyasını dəyişdi və hələ də Qərb dövlətləri bunun adi ölüm hadisəsi deyil, bir siyasi qətl olduğunu düşünürlər.

Bir sözlə, əsas döyüş ərəfəsində atlar təzədən yəhərlənir. Amma böyük ehtimalla payızı, ABŞ-da prezident seçkilərini gözləmək lazım gələcək, bəli, digər əsas geosiyasi aktorda da vəziyyət aydınlaşmalıdır. Hələlik bu xüsusda yalnız gümanlar və təxminlər var. Əsas odur ki, böyük ehtimalla bu seçkilərin "qəhrəmanı” olacaq şəxs - Tramp ABŞ-ın NATO-da qalıb–qalmayacağı ilə bağlı şərtlərini açıqlayır. 

Ona görə də ABŞ-ın dünya lideri kimi qalmasının tərəfdarlarının ümidi yalnız ölkənin "dövlət maşınına” və yaxud da "dərin dövlət” fenomeninədir. Əslində, bu o deməkdir ki, Ukrayna məsələsini həll etmək üçün Vladimir Putinin bir neçə aylıq şansı yaranıb. ABŞ-ın başı prezident seçkilərinə qarışıb, Kiyevə silah tədarükündə ciddi problemlər yaranıb. Amma Vladimir Putin onun üçün yaranmış bu şansdan istifadə edə biləcəkmi? Etiraf edək ki, çox çətin sualdır. 

Məsələn, daha bir ehtimal da var ki, Putin növbəti dəfə də prezident olmaq üçün növbəti oyundan çıxa bilər: Məsələn, niyə görə o, birləşmiş Rusiya-Belarus-Ukrayna dövlətinin birinci prezidenti olmasın? Bunun üçün Kiyevi götürmək və bir də Belarus prezidenti A.Lukaşenkonu fəxri təqaüdə göndərmək lazımdır ki, gedib xokkeylə məşğul olsun! Doğrudanmı belə çətin məsələdir bu? 

Deyim ki, bir az irreal görünsə də, tamam fantastika da deyildir bu senari, ən azı ona görə ki, bir sıra politoloqlar belə hesab edir ki, "bir yerdə olmaq” Rusiya, Ukrayna və Belarus xalqlarının taleyinə "yazılıb”, çünki burada "bir millət, üç dövlət” modelindənsə "bir millət, bir dövlət” formulu daha real görünür.
Üstəlik, Putinə növbəti siyasi platforma olmaq üçün daha bir sesnari var: Ukrayna bölünə bilər. Onsuz da təkcə coğrafi mənada yox, elə başqa mənalarda da Qərbi və Şərqi Ukrayna vardı. İndi bu bölgü daha da real ola bilər. Əlbəttə, bütün bu senarilərin qarşısında ciddi bir maneə var: bu da Qərbdir. 
Amma bu vaxta qədər Qərb dediyimiz geosiyasi areal da bir gün qeybə çəkilə bilər, məsələn, builki ABŞ seçkilərinin nəticəsində! Belə ki, Tramp kimi "yeni nəsil siyasətçilər” daha Avropanı özlərinə müttəfiq, Rusiyanı da rəqib kimi görmürlər. 

Yeni geosiyasi müttəfiqlərə gəldikdə, ABŞ-la bir olmaq istəyən başqa ölkələr də var və onlar bunun üçün xəsis Avropa ölkələrindən daha çox pul xərcləməyə hazırdırlar. 

Rəqiblər kimi isə indi qüdrətli Çin, hətta yaxın gələcəkdə Hindistan göstərilir. Ona görə ki, bu ölkələr bəzi ABŞ siyasətçilərində təkcə özlərinin demoqrafiq göstəricilərilə yox, həm də iqtisadi yüksəlişlərilə təşviş yaradırlar. Odur ki, bu bir neçə ay sözün əsl mənasında məchulluq ayları olacaq. Amma çox ola bilsin, bundan sonra da dünya daha böyük və uzunmüddətli məchulluğa istiqamət götürəcək.

O ki qaldı Moskva vilayətindəki müdhiş terror olayına, qısaca qeyd edək ki, Kreml bunu Ukraynaya qarşı yönəltmək istəyir. 

Məqsəd də budur ki, həm insanlarda qonşu Kiyevə qarşı nifrət yaransın, həm də Ukraynaya qarşı dağıdıcı zərbələr bir az da gücləndirilsin, baxmayaraq ki, elə ilk günlərdə Kiyev rəsmiləri bəyan etdilər ki, onların ölkəsinin bu terror olayında heç bir rolu yoxdur. Belə də isə terror böyük hesabla heç nəyi həll etmir, o, mövcud siyasi rejimləri və onların siyasətini bir az da sərtləşdirir, xüsusən də bu rejimlər özləri bunun üçün bəhanələr axtaranda...
 
Hüseynbala Səlimov