Xəbər lenti

Bu il sülh sazişi imzalana bilərmi? (ŞƏRH)
Siyasət 17:17 28.07.2025

Bu il sülh sazişi imzalana bilərmi? (ŞƏRH)

"İlin sonuna qədər sülh müqaviləsinin imzalanmasına ümid var. ABŞ-da sülh prosesinə təkan vermək istəyir. Bu fonda sazişin imzalanmasını tezləşdirməklə bağlı müəyyən təkliflər də ola bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiyanın gündəmdə olmadığı barədə fikirlərini şərh edərkən deyib.

Həmsöhbətimiz hesab edir ki, istənilən zaman, istənilən anda sülh sazişini imzalamaq olar:

"Faktiki olaraq Ermənistanla Azərbaycan arasında müharibə yoxdur. Düzdür, vaxtaşırı Ermənistan müəyyən təxribatlara əl atır və Azərbaycan da bu təxribatlara cavab verir. Azərbaycanın istəyi sülhün bağlanması, Zəngəzur dəhlizinin açılması və geniş iqtisadi layihələrin həyata keçirilməsidir".
 


Ekspert qeyd edib ki, İrəvan istəsə, sülh sazişinin imzalanmasına olan iki maneəni bir gündə aradan qaldıra bilər:
 
"Ermənistan müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasını uzadır. Vaxt udmaq üçün lazımsız, heç bir əhəmiyyət kəsb etməyən müəyyən təkliflər irəli sürür. İrəvan istəsə, sülh sazişinin imzalanmasına olan iki maneəni bir gündə aradan qaldıra bilər. Onlar ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasında yer alan ərazi iddiası məsələsidir. Ermənistan parlamenti özünün qəbul etdiyi və Azərbaycanın ərazisinə iddianı nəzərdə tutan müstəqillik bəyannaməsini, habelə, İrəvan hakimiyyətinin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyən hər hansı bir sazişə imza ata bilməyəcəyi barədə qərarını bir günün içində ləğv edə bilər. İrəvan isə bunu istəmir. Ona görə də sülh sazişinin imzalanması hələ ki, yubanır. Azərbaycan yenidən hərbi qarşıdurmaya getmək istəyində deyil. Ölkəmiz regionda sabitliyin olmasında, sülh sazişinin imzalanmasında maraqlıdır".
 
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiyanın gündəmdə olmadığıı bildirib. Hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlərin davam etdirildiyini deyən Hikət Hacıyev Cənubi Qafqazda real sülhün mövcud olduğunu vurğulayıb: 

"Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir – real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də diplomatiya və dialoq var".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan sülhə və bölgənin transformasiyasına hazırdır:

"Bəli, hələ həllini tapmamış bəzi detalları var. Məsələn, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar yer alır. Hər bir ölkənin Konstitusiyası daxili məsələdir – başqa ölkənin adını və ya bölgəsini əhatə etmədiyi halda. Biz bu sülh sazişini təkcə Ermənistan hökuməti ilə yox, Ermənistan xalqı ilə də imzalamaq istəyirik. Ermənilərin Konstitusiyada dəyişiklik edib Azərbaycan ərazilərinə olan iddialardan rəsmi şəkildə imtina etməsini görmək istəyirik".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->