Xəbər lenti

Canni De Byazi:
İdman 12:23 16.06.2023

Canni De Byazi: "İnkişafı görmürüksə, deməli, özümüz görmək istəmirik"

Sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Estoniya matçı öncəsi millimizin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçirilib.

Qaynarinfo-nun məlumatına görə italyan mütəxəssis bunları söyləyib:

"Ümid edirəm ki, təcrübəsi az olan futbolçular üçün sabahkı oyun dərs olacaq. İlk iki oyunda uduzduq, 9 qol buraxdıq. İki güclü komanda ilə qarşılaşdığımızı da nəzərə almalıyıq. Həm Avstriya, həm də İsveçlə görüşün bəzi hissələrində yaxşı çıxış etdik. Təbii ki, individual səhvlər oldu, bu da bizə baha başa gəldi. Bu sistemdə yaxşı nəticələr göstərdik, 5 qələbə qazandıq. Düzdür, son iki görüşdə uduzmuşuq, bu da futbolda baş verir.

Son iki görüşdə uduzduğumuzdan, uşaqlarda revanş istəyi var. Estoniyada mövsümün gedişidir. Bu, vacib amildir. Ancaq yenə də ümid edirəm ki, sabah 3 xal qazanacağıq. Ola bilər ki, bəzi oyunçular bu tempdə oynamağa öyrəşməyiblər. Əgər başqa çempionata öyrəşmisənsə və rəqibin böyük liqalarda çıxış edirsə, çətinliklə üzləşəcəksən. Bizim matçlardakı inkişafı görmürüksə, deməli, özümüz görmək istəmirik.

Rəqibin Avstriya ilə oyununu izləmişəm, yaxşı çıxış ediblər. Futbol riyaziyyat deyil. İstənilən halda sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Bilirəm ki, futbolçularımızda yorğunluq var. Ancaq uğur qazanmaq üçün rəqibdən çox qaçmalı, böyük enerji sərf etməliyik”.

O, hücumçu Mahir Emrelinin start heyətində və son vaxtlar çıxış etdiyi mövqedə yer alacağını vurğulayıb.

İyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->