XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

2030-cu ilədək AI səbəbindən qlobal fəlakət olacaq? - "Nvidia" rəhbəri danışdı
Texnologiya18:45 21.09.2026

2030-cu ilədək AI səbəbindən qlobal fəlakət olacaq? - "Nvidia" rəhbəri danışdı

“Nvidia” şirkətinin rəhbəri Censen Huan süni intellektin sürətli inkişafı ilə bağlı ən bədbin proqnozları şərh edib. Onun sözlərinə görə, 2030-cu ilədək süni intellekt səbəbindən qlobal fəlakətin baş vermə ehtimalı “sıfıra bərabərdir”.

Qaynarinfo xəbər verir ki, Huan CBS telekanalına müsahibəsində “dünyanın sonu” ilə bağlı söhbətlərin cəmiyyətdə yalnız qorxu yaratdığını və ehtimal ki, kiminsə maraqlarına xidmət etdiyini bildirib. Onun fikrincə, bu, siyasi hesab və ya diqqət mərkəzində olmaq istəyi ilə bağlı ola bilər. Kifayət qədər əsas olmadan insanları belə proqnozlarla qorxutmaq məsuliyyətsizlikdir.

Müzakirələrə “Anthropic” şirkətinin keçmiş tədqiqatçısı Ceykob Koksanın açıqlamaları səbəb olub. O, daha əvvəl bildirmişdi ki, süni intellekt sahəsində bəzi mütəxəssislər süni intellektin onilliyin sonuna qədər bəşəriyyəti məhv edə biləcəyi ssenarisini ciddi şəkildə mümkün hesab edirlər. Onun sözlərinə görə, tərtibatçılar “özünü təkmilləşdirən” superintellekt yaratmağa tələsir, lakin gələcəkdə onu necə idarə edəcəkləri barədə kifayət qədər düşünmürlər.

Bu ssenaridən qaçmaq üçün süni intellektin hazırlanma tempinin azaldılması, sahə ilə məşğul olan şirkətlərin və dünya dövlətlərinin fəaliyyətinin əlaqələndirilməsi, həmçinin müstəqil ekspertlər tərəfindən təhlükəsizlik yoxlamalarının tətbiqi təklif olunur. Bu ideyanı artıq “OpenAI” şirkətinin rəhbəri Sem Altman və İlon Mask da dəstəkləyiblər.

Bununla yanaşı, Censen Huan təkcə apokalipsis ehtimalının olmadığını vurğulamır, həm də “süni intellektin qızıl dövrü” adlandırdığı mərhələnin başladığını bildirir. O, süni intellekti hesablama sənayesinin növbəti böyük təkamül mərhələsi kimi qiymətləndirir və onun iqtisadiyyatın bütöv sektorlarını dəyişdirə biləcəyini düşünür.

Huanın fikrincə, əsas diqqət hipotetik fəlakət ssenarilərinə deyil, süni intellektin hazırlanması və istifadəsi üçün aydın qaydaların yaradılmasına yönəldilməlidir. Söhbət həm texniki standartlardan, həm də artıq texnologiya şirkətlərinin fəaliyyətinin tədricən bir hissəsinə çevrilən etik prinsiplərdən gedir.

“Nvidia” rəhbəri həmçinin hesab edir ki, şirkətlərin süni intellekti təhlükəsiz şəkildə tətbiq etməsi üçün kifayət qədər aləti var. Bunlara çoxmərhələli yoxlamalar, modellərin sınaqdan keçirilməsi və verifikasiyası daxildir.

Bununla belə, əsas prinsip sadə olaraq qalmalıdır: şirkət məhsulun təhlükəsizliyinə əmin deyilsə, onu bazara çıxarmaq olmaz.

Paşa Məmmədli