Xəbər lenti

Cenevrə danışıqları müharibəni yaxınlaşdıracaq? - Politoloq
Dünya 13:52 23.02.2026

Cenevrə danışıqları müharibəni yaxınlaşdıracaq? - Politoloq

"26 fevral danışıqları əslində ABŞ-la İran arasında gözlənilən müharibəni daha da yaxınlaşdıracaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri fevralın 26-da Cenevrədə ABŞ-la İran arasında olması gözlənilən danışıqların növbəti raundundan gözləntiləri şərh edərkən deyib. 

"Bu görüşün irəli çəkilməsi Tehranın ciddi narahatlığı ilə əlaqəlidir. Çünki ABŞ rəhbərliyinə etimad etmirlər. Qəflətən hücuma məruz qalacaqları qorxusu növbəti görüşü tezləşdirməklə bərabər, müzakirə olunacaq məsələlər və təqdim olunacaq güzəşt sənədləri təməli dəyişəcək. Bu günə qədər Cenevrədə baş tutan görüşlər ABŞ-ı qane etməyib. Bu baxımdan müəyyən fasilələr verildi və İrana son şans tanındı ki, ciddi təkliflər sənədilə çıxış etsin", deyə Natiq Miri əlavə edib.

Müsahibimiz bildirir ki, ABŞ-ın razı salınması üçün onun ən azından 3 əsas tələbi yerinə yetirilməlidir:

"Nüvənin zənginləşdirilməsi prsosesi tam dayandırılmalı, ballistik raketlərə konkret məhdudiyyətin tətbiq edilməli və proksi qüvvələrə dəstəyə son qoyulmalıdır".

Politoloq qeyd edir ki, məsələnin həmçinin geoiqtisadi və geosiyasi tərəfləri də var: 

"ABŞ Venesuelada nəzarət etdiyi neft sahəsilə paralel, dünya neftinin 12 və qazın 17 faizini istehsal edən İranın bu sahəsinə də nəzarət etmək istəyir. ABŞ enerji daşıyıcılarına nəzarəti ələ keçirməklə dolayısı ilə rəqibi Çinə neft satışı və qiyməti də özü müəyyən etmək istəyir. Ona görə də İranla birgə istehsal və investisiyaların qoyulması məsələsi də müzakirə predmetidir. Lakin Tehran bunu qəbul etmir".
 


Natiq Miri hesab edir ki, Vaşinqtonda hərbi əməliyyalara başlamaqla paralel, İran daxilində etirazların güclənəcəyi və belədə rejimin devriləcəyi qənaəti formalaşsa, müharibə qaçılmaz olacaq:  

"İran daxilində rejimi dəstəkləyənlər əhalinin 20 faizi nisbətindədir. Bu əsasda ABŞ-da hərbi əməliyyatın başlaması ilə daxildə etirazların birləşməsilə rejimi devirə biləcəkləri qənaəti hasil olsa, yaxın zamanda bölgədə müharibənin başlayacağının şahidi olacağıq. Ona görə də prosesin gedişi İranın təqdim edəcəyi sənəddən asılıdır. Ancaq bu sənəddə ABŞ-ı qane edəcək ciddi güzəştlərin olacağını düşünmürəm".

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi fevralın 26-da Cenevrədə ABŞ tərəfini təmsil edən Stiv Uitkoff ilə görüşün baş tuta biləcəyini bildirib. Araqçi vurğulayıb ki, İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla müəyyən razılaşmalar mümkündür. Onun sözlərinə görə, diplomatik kanallar açıq qalır və siyasi iradə olduğu halda anlaşma əldə edilə bilər.

Eyni zamanda, o da bəllidir ki, ABŞ İran ətrafında özünün hərbi gücünü artırır. Bölgəyə xeyli sayda hərbi gəmilər və təyyarələr gətirilib.

Rüfət Sultan
--> -->