Norveçin cənubundakı Drammen şəhərində güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılan yanğın nəticəsində təxminən 100 ev yanaraq yararsız vəziyyətə düşüb.
Qaynarinfo xəbər verir ki, bölgədən yüzlərlə sakin təxliyə olunub, yanğın isə yalnız səhər saatlarında əsasən nəzarət altına alınıb. Yerli mətbuat baş verən hadisəni ölkədə son yüz ildən artıq müddətdə qeydə alınan ən böyük yanğınlardan biri kimi qiymətləndirir.
400-dən çox sakin təxliyə edilib
Oslo şəhərindən təxminən 34 kilometr cənub-qərbdə yerləşən Drammenin kənar hissəsində yerli vaxtla saat 15:30 radələrində başlayan yanğın güclü külək və qeyri-adi quraqlıq şəraiti səbəbindən sürətlə yaşayış məhəllələrinə və meşəlik ərazilərə yayılıb.
"Aftenposten" qəzetinin məlumatına görə, 400-dən çox sakin təhlükəsizlik məqsədilə təxliyə olunub.
Norveçin ictimai yayımçısı "NRK" isə ölkənin müxtəlif bölgələrindən əlavə yanğınsöndürmə briqadalarının hadisə yerinə göndərildiyini və onların gecə boyu alovun söndürülməsi istiqamətində fasiləsiz çalışdıqlarını bildirib.
"Ərazi döyüş meydanını xatırladır"
Şənbə günü günorta saatlarına olan məlumata əsasən, yaşayış məntəqələrində alovun yenidən yayılması riski böyük ölçüdə aradan qaldırılıb. Bununla belə, meşəlik ərazilərdə yanğın hələ tam söndürülməyib.
Polis hadisə nəticəsində insan itkisi olmadığını açıqlayıb. Bir yanğınsöndürənin yüngül xəsarət aldığı, tüstüdən zəhərlənən çoxsaylı şəxsə isə tibbi yardım göstərildiyi bildirilib.
"Dagbladet" qəzeti yanğın bölgəsində tamamilə yanmış evlər və avtomobillərin mənzərəsini "döyüş meydanını xatırladır" ifadəsi ilə təsvir edib.
Yanğının səbəbi hələ məlum deyil
Səlahiyyətli qurumlar quraq hava şəraitinin alovun sürətlə yayılmasına ciddi təsir göstərdiyini bildirsələr də, yanğının ilkin yaranma səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıblar.
Aydın
Şərhlər