Rusiya ordusunun yay hücumunun ləng irəliləməsi səbəbindən Ukraynada müharibənin daha bir neçə il davam etməsi riski var.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşr qeyd edir ki, mövcud irəliləyiş sürəti ilə Moskvanın qarşıya qoyduğu məqsədlərə çatması illər çəkə bilər.
Ukraynada artıq bir neçə aydır ki, Rusiya tərəfindən Donbas və ölkənin cənub bölgələrinin tam işğalına yönəlmiş yeni hücumun müzakirəsi gedir.
CNN yazır: "Hələlik bu hücum təsiredici deyil, lakin ruslar bəzi bölgələrdə müəyyən uğurlar əldə edərək oradakı qoşun sayını əhəmiyyətli dərəcədə artırıblar".
Hazırda Rusiya ordusu 1200 kilometrlik cəbhə xəttinin bir neçə hissəsində irəliləməyə çalışır. Kreml bəyan edib ki, hücum Donetsk, Zaporojye və Xerson vilayətlərinin şərq hissələrinin tam ələ keçirilməsinə qədər davam edəcək. CNN bildirir ki, indiki sürətlə bu məqsədə çatmaq üçün illər lazım olacaq.
Məqalədə qeyd olunur: "Tramp administrasiyasının atəşkəs danışıqları ilə daha az maraqlanması səbəbilə müharibənin bu ilin sonuna və 2026-cı ilə qədər uzanacağı ehtimal olunur".
CNN əlavə edir ki, pilotsuz uçuş aparatları müharibədə mühüm rol oynamaqda davam edir. Rusiya "havanı müdafiə sistemlərini zərərsizləşdirmək və bəzi raketləri hədəfə çatdırmaq üçün nəzərdə tutulmuş ucuz dronlar istehsal edir" və bu taktikanı Ukrayna şəhərlərinə hücumlarda getdikcə daha çox tətbiq edir.
Ukrayna Təhlükəsizlik Xidmətinin hesablamalarına görə, Rusiya gündəlik olaraq təxminən 200 ədəd "Şahed" buraxır və anbarlarında 6000-ə yaxın dron maketi saxlayır.
Digər tərəfdən, Ukrayna uzaqmənzilli dron istehsalını artıraraq Rusiya aerodromlarını, neftayırma zavodlarını və nəqliyyat obyektlərini vurmaq niyyətindədir.
CNN bildirir ki, hər iki tərəf müdafiə sənayesini inkişaf etdirməyə davam edir. Bu, müharibənin uzanmasına şərait yaradır. Lakin Rusiya hərbi sənayesinin imkanları Ukraynanı xeyli üstələyir. Nəşr qeyd edir ki, Rusiya dövlətinə məxsus hərbi-sənaye nəhəngi "Rostex" Ukraynaya qarşı istifadə edilən avadanlıqların təxminən 80 faizini istehsal edir.
Rusiyanın hərbi büdcəsi ümumi dövlət xərclərinin təxminən 40 faizini və ÜDM-in 6 faizdən çoxunu təşkil edir. Bu, ölkədə inflyasiyanın artmasına səbəb olur. Prezident Vladimir Putin etiraf edib ki, 2025-ci ildə iqtisadi artım "mülayim" olacaq və 2026-cı ildə müdafiə xərclərinin azaldılması istisna edilmir.
CNN yazır: "Rusiya üçün uzunmüddətli proqnoz – iqtisadi və demoqrafik baxımdan – əlverişsizdir. Lakin qısamüddətli perspektivdə Kreml Ukraynada və sərhədləri yaxınlığında yerləşən 500 minlik ordunu maliyyələşdirməyə davam edə bilər. Baxmayaraq ki, Rusiyanın itkiləri böyükdür, onun ordusu hələ də Ukrayna ordusunu sayca xeyli üstələyən qüvvələr formalaşdıra bilir".
Aydın
Şərhlər