Xəbər lenti

Yaxın Şərqdəki vəziyyət ərzaq qiymətlərinin kəskin artımına səbəb ola bilər
Dünya 14:52 29.06.2025

Yaxın Şərqdəki vəziyyət ərzaq qiymətlərinin kəskin artımına səbəb ola bilər

Norveçin "Yara" qrupunun baş direktoru Sveyn Tore Holseter "Financial Times"a bildirib ki, Yaxın Şərqdəki gərginlik qlobal gübrə və enerji təchizat zəncirlərini pozaraq ərzaq qiymətlərində kəskin artıma səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, gübrə istehsalçıları və müştəriləri hazırda dünya karbamid tədarükünün 40%-nin və mayeləşdirilmiş təbii qazın 20%-nin keçdiyi Hörmüz boğazındakı riskləri diqqətlə izləyir. 

Holseter xəbərdarlıq edib ki, bu ərazilərdə baş verəcək hər hansı bir pozuntu dünya üzrə ərzaq istehsalına təsir göstərə bilər.

"Son iki həftədə gübrə bazarları olduqca qeyri-sabit olub və bu, hər şeyin necə bir-biri ilə bağlı olduğunu göstərir", deyə Holseter vurğulayıb.

O, Misirdə gübrə istehsalını dayandıran İsrail qaz yataqlarının bağlanmasını bölgədəki gərginliyin təchizat zəncirlərinə necə sürətlə təsir etdiyinin nümunəsi kimi göstərib.

Sənaye analitikləri bildiriblər ki, hazırkı qarşıdurma və təchizatdakı fasilələr nəticəsində dünya üzrə karbamid istehsalının 1/5-dən çoxu dayanıb.

"İran təhlükəsizlik səbəbilə ammonyak istehsalı zavodlarının hamısını bağlayıb, Misir isə İsrail qazının tədarükünün dayandırılması səbəbilə fəaliyyətini bərpa edə bilmir", deyə ICIS konsaltinq şirkətinin baş ammonyak redaktoru Silviya Traqanida bildirib.

CRU konsaltinq şirkəti isə İsrailin İrana endirdiyi zərbələrin və cavab hücumlarının azot bazarlarında ciddi pozuntulara yol açdığını və bunun fosfat, kalium və kükürd tədarükünə daimi təhdid yaratdığını bəyan edib. Şirkətin məlumatına görə, karbamid ixracının təqribən üçdə biri, kükürdün 44%-i və ammonyakın təxminən beşdə biri Hörmüz boğazının qərbində yerləşən ölkələrdən keçir və ya bu ölkələrdə istehsal olunur.

Holseter əlavə edib ki, qlobal ərzaq sistemi həssasdır və enerji qiymətləri uzun müddət yüksək qalsa, bu, ərzaq sisteminə də təsir edəcək: 

"2021 və 2022-ci illərdə, Ukraynada müharibə başlayanda olduğu kimi".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->