Koronavirus infeksiyasını keçirmiş insanlarda motivasiya itkisi və yaddaş problemlərinə səbəb olan uzunmüddətli pozuntuların elmi izahı təqdim edilib. Alimlər müəyyən ediblər ki, beyində yaranan iltihab dopamin sisteminə birbaşa zərər vurur və bu kəşf uzunmüddətli COVID-in müalicəsi üçün yeni imkanlar yarada bilər.
Qaynarinfo xəbər verir ki, dünyada milyonlarla insan COVID-19 infeksiyasından sonra uzunmüddətli sağlamlıq problemləri ilə üzləşir. Mütəxəssislərin hesablamalarına görə, bu vəziyyət dünya əhalisinin təxminən 5 faizini təsir edir və effektiv müalicə üsullarının hazırlanmasını vacib edir.
Yeni araşdırmada ilk dəfə olaraq uzunmüddətli COVID ilə beyindəki dopamin sisteminin zədələnməsi arasında birbaşa əlaqə müəyyən edilib.
Dopamin adətən "xoşbəxtlik hormonu" kimi tanınsa da, əslində hərəkətlərin idarə olunması, motivasiya, öyrənmə və digər mühüm beyin funksiyalarında əsas rol oynayan neyromediatordur. Dopamin çatışmazlığı ən çox Parkinson xəstəliyi ilə əlaqələndirilir. Bu xəstəlik zamanı beynin dopamin istehsal edən hüceyrələri tədricən məhv olur və nəticədə titrəmə, əzələ sərtliyi və hərəkətlərin ləngiməsi kimi əlamətlər yaranır.
Dopamin sistemi diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB) və asılılıq kimi hallarda da mühüm rol oynayır. Lakin bu vəziyyətlərdə dopamin səviyyələrindəki dəyişikliklər Parkinson xəstəliyində olduğu kimi birbaşa hüceyrə itkisi ilə deyil, daha mürəkkəb mexanizmlərlə bağlıdır.
Tədqiqat müəllifləri Erik Gec və Daniel Bekman bildiriblər ki, standart tibbi müayinələrdə pozuntu aşkar edilməməsi beyində zədələnmənin olmadığı anlamına gəlmir.
Araşdırma çərçivəsində alimlər pozitron-emissiya tomoqrafiyasından (PET) istifadə ediblər. Kanadanın "Asılılıq və Psixi Sağlamlıq Mərkəzi"nin Beyin Sağlamlığının Vizualizasiyası Mərkəzindən Ceffri Meyerin rəhbərlik etdiyi qrup 24 uzunmüddətli COVID xəstəsini 43 sağlam könüllüdən ibarət nəzarət qrupu ilə müqayisə edib.
Nəticələr göstərib ki, uzunmüddətli COVID xəstələrinin motivasiya, hərəkət və idrak funksiyalarına cavabdeh olan striatum nahiyəsində dopamin neyronlarının səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır. Həmçinin beynin müxtəlif hissələrində müşahidə olunan azalma xəstələrin şikayətləri ilə birbaşa uyğunluq göstərib. Belə ki, ventral striatumdakı dəyişikliklər motivasiya itkisi, kaudat-putamen nahiyəsindəki azalma isə yaddaş problemləri ilə əlaqələndirilib.
Ceffri Meyer bildirib ki, əvvəlki araşdırmalarda həmin beyin nahiyələrində müşahidə edilən yüksək iltihab səviyyəsinin dopamin hüceyrələrinin zədələnməsinə səbəb olduğu təsdiqlənib.
Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr uzunmüddətli COVID-in yaranma mexanizmini daha yaxşı anlamağa və yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər. Bununla belə, alimlər Parkinson xəstəliyində istifadə olunan dərmanların bu mərhələdə uzunmüddətli COVID xəstələrinə tətbiq edilməsinin hələ tez olduğunu vurğulayırlar.
Ceffri Meyer və komandası yaxın vaxtlarda dopamin sistemini hədəfləyən yeni klinik tədqiqata başlamağı planlaşdırır.
Araşdırmanın nəticələri "eBioMedicine" jurnalında dərc olunub.
Aydın
Şərhlər