Siyasət 16:49 30.04.2022

Darçiaşvilinin Bakı və İrəvana səfərləri... - Məqsəd nədir?

"Darçiaşvilinin Bakı və ardınca İrəvana olan səfərləri heç də vasitəçilik məqsədi daşımır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bu həftənin əvvəlində Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri İlya Darçiaşvilinin Ermənistana getməsinə münasibət bildirərkən deyib.
 
Politoloq bildirib ki, Tiflisin iki qonşu ölkə ilə ortaq maraqları var:

"Düşünmürəm ki, Gürcüstanın xarici işlər nazirinin bu həftə ərzində həm Azərbaycan, həm də Ermənistana olan səfərləri hansısa vasitəçilik məqsədi daşıyır. Sadəcə, Tiflisin iki qonşu ölkə - həm Azərbaycan, həm də Ermənistanla ortaq maraqları var. Məhz səfər çərçivəsində bu məsələlər müzakirə edilir. Ona görə də bu səfərin vasitəçilik xarakteri daşıdığını zənn etmirəm. Artıq Bakı ilə İrəvan arasında birbaşa əlaqələr var. Ceyhun Bayramovla Mirzoyan görüşür, zəngləşir. Ona görə də burada artıq vasitəçiliyə ehtiyac yoxdur”. 

Rüfət Sultan