Xəbər lenti

Davos platformasından sülh siqnalı: Saziş seçkilərədək imzalana bilər?
Siyasət 13:51 21.01.2026

Davos platformasından sülh siqnalı: Saziş seçkilərədək imzalana bilər?

"Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı öhdəlik götürərsə, yekun sülh müqaviləsi hətta bu ölkədə iyunda keçiriləcək parlament seçkilərinə qədər də imzalana bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin Davosdakı çıxışında səsləndirdiyi "sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilər" fikrini şərh edərkən deyib. 

Ekspertin sözlərinə görə, bunun üçün ilk növbədə Prezident İlham Əliyevin daha əvvəl səsləndirdiyi fikirlərə diqqət yetirmək lazımdır: 

"Dövlət başçısı bildirmişdi ki, praktik olaraq iki dövlət arasında sülh şəraiti mövcuddur və bu vəziyyət konkret fəaliyyətlər və real əsaslarla hər gün möhkəmləndirilir. Azərbaycan Prezidentinin Davosda qeyd etdiyi kimi, hər iki dövlət başçısı sülhlə bağlı reallıqları qəbul edib. Artıq müharibə dövrünün başa çatdığı və yeni anlaşma, sülh şəraitində qonşuluq siyasəti kontekstində yaşamağa üstünlük verildiyi açıq şəkildə görünür".
 


Natiq Miri bildirib ki, bundan sonrakı addımlar sülh prosesinə ciddi töhfə verən konkret praktik addımlardır ola bilər. Politoloq İlham Əliyevin "sülh üçün öhdəlik götürülərsə, qısa zamanda sülh mümkün olar” fikrinə münasibət bildirərək vurğulayıb ki, burada dövlət başçısı rəsmi İrəvanın üzərinə götürəcəyi öhdəlikdən danışır:

"Əgər bu öhdəlik Azərbaycanın şərtlərinin qısa müddətdə yerinə yetirilməsini nəzərdə tutursa, o zaman yekun sülh müqaviləsi Ermənistanda konstitusiya dəyişiklikləri baş verməmişdən əvvəl də imzalana bilər. Lakin bunun üçün Ermənistan rəhbərliyi konstitusiyada yer alan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasını öhdəlik kimi üzərinə götürməlidir. Yazılı şəkildə öhdəlik verilməlidir ki, konkret zaman çərçivəsində yeni konstitusiya qəbul edildikdən sonra Azərbaycana qarşı bütün ərazi iddiaları tamamilə aradan qaldırılacaq. Belə bir öhdəlik götürülərsə, Bakı İrəvanla yekun sülh müqaviləsini imzalaya bilər".
 


Ekspert qeyd edib ki, əvvəlki dövrlərdə də politoloqlar tərəfindən bu cür fikirlər səsləndirilsə də, həmin dövrlə indiki mərhələ arasında ciddi fərqlər mövcuddur:

"Bu gün proseslər sadəcə bəyanatlardan ibarət deyil. Ortada dövlətlərarası münasibətləri tənzimləyən və ticarəti stimullaşdıran real, praktik addımlar var. Kommunikasiyaların açılması da mühüm töhfədir. Azərbaycan artıq yanacaq da daxil olmaqla, bir sıra vacib məhsulları Ermənistana satır. Perspektivdə Ermənistan məhsullarının Azərbaycana ixracı məsələsi də müzakirə olunur. Təsadüfi deyil ki, Ermənistan prezidenti yaxın vaxtlarda Azərbaycan və erməni iş adamları arasında görüşün keçiriləcəyini bildirib".

Müsahibimizin fikrincə, qarşılıqlı ticarət və iqtisadi maraqlar sülh prosesinin əsas təminatlarından biridir:

"Bu amil prosesi sürətlə diplomatik münasibətlərin qurulmasına doğru aparır. Belə bir şəraitdə Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı öhdəlik götürərsə, yekun sülh müqaviləsi hətta bu ölkədə keçiriləcək parlament seçkilərinə qədər də imzalana bilər".
 


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı Ermənistanla sülh məsələsinə toxunaraq bildirib ki, öhdəlik götürülərsə, qısa müddətdə iki ölkə arasında sülh əldə oluna bilər.  Dövlət başçısı, həmçinin Vaşinqtonda imzalanmış sülh sazişinin artıq praktiki nəticələr verdiyini vurğulayıb:

"Bu, gələcəkdə 5–6 aylıq sülh deyil. Təbii ki, müstəqil ölkə olaraq bu vəziyyətdən məmnunuq".

Davosda Ermənistan prezidenti Vaaqn Xaçatryan da çıxış edərək bildirib ki, Azərbaycan və Ermənistan liderləri sülhə nail olmaq üçün siyasi iradə və cəsarət nümayiş etdiriblər. O, eyni zamanda Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüşün keçiriləcəyini də vurğulayıb. 

Rüfət Sultan
--> -->