Xəbər lenti

Dəri səpgiləri hansı problemlərdən xəbər verir?
Sağlamlıq 14:32 07.08.2025

Dəri səpgiləri hansı problemlərdən xəbər verir?

"Dərinin saralması qaraciyərlə bağlı xəstəliklərə işarə edə bilər".

Qaynarinfo xəbər verir ki, bunu gazeta.ru-ya dermatoveneroloqu, tibb elmləri doktoru Nataliya Qryazeva deyib.

Onun sözlərinə görə, dərinin rəngində və quruluşunda dəyişikliklər, eləcə də səpgilərin yaranması qaraciyər, böyrəklər, mədə-bağırsaq sistemi, endokrin və ya immun sistemlə bağlı patologiyaların əlaməti ola bilər:

"Məsələn, dərinin və selikli qişaların saralması qaraciyər və ya öd yollarının funksiyasının pozulmasından xəbər verir, xırda qansızmalar şəklindəki səpgilər isə qan və damar xəstəliklərinin göstəricisi ola bilər".

Həkim vurğulayıb ki, dəri ilə bağlı əlamətlər tez-tez daxili xəstəliklərin ilk siqnallarından biri olur, çünki dəri orqanizmin bütün orqan və sistemləri ilə sıx əlaqəlidir. Dermatoveneroloqun sözlərinə görə, bəzi xroniki və ya kəskin daxili xəstəliklər özünü spesifik dəri simptomları ilə göstərir.

"Şəkərli diabet zamanı tez-tez dəridə quruluq, qaşınma və irinli səpgilərə meyillilik müşahidə olunur. Qalxanabənzər vəzin xəstəlikləri isə ödem, piqmentasiya dəyişikliyi və saçların kövrəkləşməsi ilə özünü göstərə bilər", deyə Qryazeva izah edib.

Həkim bildirib ki, dəri səpgiləri bəzi autoimmun xəstəliklərin də ilkin əlamətləri ola bilər:

"Məsələn, qırmızı qurdeşənəyi və ya sklerodermiya zamanı səciyyəvi səpgilər, qızartılar və dərinin qalınlaşması meydana çıxır. Bu səbəbdən dəridəki hər hansı qeyri-adi dəyişikliklərə ciddi yanaşmaq və orqanizmin hərtərəfli müayinəsindən keçmək tövsiyə olunur".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->