Şirinləşdiricilərlə hazırlanmış pəhriz içkilərinin qəbulu, adi şəkərli qazlı içkilərlə müqayisədə daha təhlükəli sayılır və ikinci tip şəkərli diabetin inkişafına daha sürətlə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, Avstraliyada aparılmış araşdırmaya görə, gündə cəmi bir banka pəhriz içkisinin qəbulu ikinci tip diabet riskini 38 faiz artırır. Bu barədə "Monash University" məlumat yayıb.
Tədqiqat nəticələri göstərib ki, adi şəkərli qazlı içkilər bu riski 23 faiz artırır. Araşdırma 14 il ərzində 36 000-dən çox avstraliyalı yetkin şəxsin iştirakı ilə aparılıb.
Monax Universitetindən professor Barbora de Kurten Viktoriya ştatının xərçəng üzrə şurasından dosent Ellison Hoc və Monax Universitetindən aspirant Robel Hussen Kabtimerin rəhbərliyi ilə həyata keçirilən bu araşdırma "Diabetes & Metabolism" jurnalında dərc olunub. Nəticələr, həm şəkərli, həm də şirinləşdiricili pəhriz içkilərinin sağlamlığa təsiri ilə bağlı artan qlobal narahatlıqları daha da gücləndirir.
Professor de Kurten bildirib ki, əldə olunan nəticələr, şirinləşdiricili pəhriz içkilərinin daha təhlükəsiz seçim olduğu ilə bağlı geniş yayılmış fikri sual altına alır.
"Bu cür süni şirinləşdiricilər diabet riski olan insanlara sağlam alternativ kimi tövsiyə olunur. Lakin bizim nəticələr göstərir ki, onların sağlamlıq üçün müəyyən təhlükələr daşıma ehtimalı var", deyə professor vurğulayıb.
Şirin içkilərlə diabet arasındakı əlaqə əsasən piylənmə ilə izah oluna bilər, lakin pəhriz içkiləri ilə bağlı vəziyyət fərqlidir: bu içkilərin diabetin inkişafına təsiri, insan artıq çəkisini nəzarətə alsa belə, daha güclü olaraq qalır. Yəni, şirinləşdiricili içkilərin metabolizmə potensial birbaşa təsiri olduğu ehtimal edilir.
Professor qeyd edib ki, şirin içkilərin vergiyə cəlb olunması kimi tədbirləri dəstəkləyirik, lakin bizim araşdırmamız göstərir ki, süni şirinləşdiricili içkilərə də diqqət yetirilməlidir. Bu içkilər çox zaman sağlam seçim kimi təqdim olunur, lakin əslində müəyyən risklər daşıya bilər. Gələcəkdə qəbul olunacaq siyasətlər bu cür içkilərin istehlakının ümumilikdə azaldılmasına yönəlməlidir.
Araşdırma çərçivəsində "Sağlamlıq 2020" kimi tanınan uzunmüddətli Melburn ortaq kohort araşdırmasının məlumatları təhlil edilib. İştirakçılar 40–69 yaş aralığında olub və onların qidalanma vərdişləri, fiziki aktivlik səviyyələri, təhsili və ümumi sağlamlıq vəziyyətləri nəzərə alınıb.
Avstraliyada təxminən 1,3 milyon insanda ikinci tip şəkərli diabet diaqnozu qoyulub. Dünyada isə bu göstərici 500 milyondan çox insana çatır. Diabetin yaranması halları əksər vaxt qidalanma və həyat tərzi ilə birbaşa əlaqələndirilir.
Aydın
Şərhlər