Xəbər lenti

Dövlət bu məsələdə də uşaqların yanında dayanır -
Ölkə 14:38 24.07.2026

Dövlət bu məsələdə də uşaqların yanında dayanır - "Uşaqlar üçün Konstitusiya"

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən səkkizinci məqaləni təqdim edirik: "Uşaq hüququ"

Konstitusiyamızda bir çox məsələlər haqqında yazılıbdır. O cümlədən uşaqlar və onların hüquqları da Əsas Qanunda əks olunubdur. Məgər uşaqları yaddan çıxartmaq olar?!

Konstitusiyamızın 17-ci maddəsi "Ailə, uşaqlar və dövlət" adlanır. Bu maddənin II bəndində isə belə deyilir: "Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir".

Əlbəttə ki, uşaqların qayğısına qalmağın və onları tərbiyə etməyin valideynlərin borcu olduğunu hamı bilir. Bəs bəndin ikinci cümləsi – dövlət nəzarəti nəyi ifadə edir? 

Hamımız bilirik ki, valideynlərin çoxu yaxşı olsa da, heç də hamısı yaxşı deyil. Sayları çox az olsa da, bəzi valideynlər öz övladların qayğısına qalmır, onları dilənçilik kimi pis əməllərə sövq edir. Məhz buna görə də, Konstitusiyamız uşaqları qorumaq naminə valideynlərin uşaqlarla bağlı vəzifələrinin icrasına nəzarəti dövlət öz üzərinə götürmüşdür. Başqa sözlə desək, dövlət belə deyir: "Bu uşaq sənindir, ancaq sən uşaq qarşısında borcunu yerinə yetirməsən mən lazımi tədbirlər görəcəyəm". Dövlət bu cür hallarda hətta valideyni valideynlik hüququndan məhrum da edə bilər.

Təəssüf ki, bəzi uşaqlar valideynlərinin qayğısından məhrumdur. Bəs onların taleyi necə olacaq? Maddənin III bəndi onlardan bəhs edir:

"Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər". Dövlət bu məsələdə də uşaqların yanında dayanır, onları tək, kimsəsiz qoymur. Valideyn qayğısından məhrum olan uşaqların bütün tələbatlarını şəxsən ödəyir.

17-ci maddənin IV bəndində uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağan olduğu qeyd olunur. Bu cür fəaliyyət isə qanunla cəzalandırılır.

Maddənin son bəndi dövlətin uşaqlara qayğısını ifadə edir: "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir". Bu, o deməkdir ki, uşaq hüquqları birbaşa olaraq dövlətin nəzarətindədir.
 
Müəllif: Tural Cəfərov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->