Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyi dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır
Ekonomiks 12:21 18.11.2025

Dövlət Dəniz və Liman Agentliyi dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin verilməsi prosesində rəqəmsallaşma istiqamətində mühüm addım atıb. Belə ki, artıq dənizçilərə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, tanınma sertifikatları və güzəştli icazələrin QR kodla təmin olunmuş yeni formatda verilməsinə başlanılıb.

DDLA-dan Qaynarinfo-ya bildirilib ki, sistemə inteqrasiya olunmuş verilənlər bazası vasitəsilə dənizçilərin təhsil sənədlərinin həqiqiliyi, fotoşəkilləri, Dövlət Sərhəd Xidmətinin giriş-çıxış məlumatları, habelə digər identifikasiyaedici və funksional məlumatlar avtomatik olaraq verifikasiya edilir. Nəticədə aidiyyəti qurumlar tərəfindən əlavə sənəd təqdim olunmasına ehtiyac qalmır. Bu isə həm müraciətlərin emal vaxtını qısaldır, həm də məlumat mübadiləsinin dəqiqliyini və təhlükəsizliyini artırır.

Yeni tətbiq olunan rəqəmsal sistem dənizçi sənədlərinin etibarlılığının operativ, şəffaf və real vaxt rejimində yoxlanılmasını təmin edir. Bu yanaşma saxtakarlıq risklərini minimuma endirməklə yanaşı, inzibati prosedurların yükünü də əhəmiyyətli dərəcədə azaldır.

Beynəlxalq Dəniz Təşkilatı (BDT) rəqəmsallaşma istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək dənizçilər və gəmiçilik şirkətləri üçün inzibati yükün azaldılması, eləcə də elektron sertifikatların tətbiqi və tanınması mexanizmlərinin təkmilləşdirilməsini təşviq edir.

Qeyd olunan istiqamətlə bağlı müddəalar DHDNÇ Konvensiyasında və digər beynəlxalq hüquqi sənədlərdə edilmiş müvafiq əlavələrdə əksini tapıb. Bu dəyişikliklər dənizçilərə verilən sertifikatların elektronlaşdırılması, beynəlxalq səviyyədə tanınması mexanizmlərinin təkmilləşdirilməsini dəstəkləyərək qlobal rəqəmsallaşma tendensiyalarına uyğun modern yanaşmanın tətbiqini təmin edir.

DDLA da bu beynəlxalq çağırışa qoşularaq dənizçi sənədlərinin elektronlaşdırılması və rəqəmsal identifikasiyası sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Hazırda dənizçi sənədlərinin tam elektronlaşdırılması istiqamətində təşkilati və hüquqi hazırlıq işləri davam etdirilir.

Yeni sistemin tətbiqi Azərbaycan dənizçilik sektorunda beynəlxalq tələblərə uyğun, etibarlı və müasir idarəetmə modelinin formalaşmasına xidmət edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->