İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı Qüds Qüvvələrinin komandanı İsmayıl Kaaninin İsrailə casusluq etdiyi iddiası ilə edam edildiyi barədə məlumatlar yayılıb.
Qaynarinfo xəbər verir ki, Tehran hakimiyyəti bu iddiaları təsdiqləməsə də, Kaaninin son dövrdə baş verən hücumlardan əvvəl olduğu yerləri tərk etməsi diqqət çəkir. İranda yüksək vəzifəli şəxslərə qarşı həyata keçirilən əməliyyatlardan sonra kəşfiyyat sızması ehtimalı müzakirə mövzusuna çevrilib.
Bəzi ərəb media orqanlarında yayılan və hələ təsdiqlənməyən xəbərlərdə İranın Kaanini İsrailə casusluqda günahkar bilərək edam etdiyi iddia olunur. Tehran rəhbərliyi isə bu xəbərləri təsdiqləyən rəsmi açıqlama yayımlamayıb. İran rəsmiləri məsələ ilə bağlı ətraflı məlumat verməyib və iddiaların mənbəyi və doğruluğu ilə bağlı qeyri-müəyyənlik davam edir.
İranın dini lideri Əli Xameneinin və digər iranlı rəsmilərin ABŞ və İsrailin birgə hücumları nəticəsində öldürüldüyü iddialarından sonra kəşfiyyat sızması ehtimalı gündəmə gəlmişdi. Hücumlarda hədəflərin yerləşdiyi yerlərin necə müəyyən edildiyi sualı İranda geniş müzakirə olunur.
Harada olduğu bilinmir
İranın keçmiş dini lideri Əli Xameneinin öldürüldüyü hücumdan son anda xilas olduğu deyilən Kaaninin hazırda harada olduğu məlum deyil. İranlı komandan mediada İsrail agenti olması ilə bağlı iddialar geniş yayılarkən açıqlama verərək bu ittihamları rədd etmişdi.
Kaani Xameneinin ölümündən sonra açıqlama verməyib. Hücumların ilk həftəsində çox sayda iranlı komandanın həlak olmasından sonra Kaaninin də öldürüldüyü iddia edilmişdi.
Edam iddiası
İran mediası Kaaninin sağ olduğunu təsdiqləmişdi. Bununla yanaşı, Qüds Qüvvələri komandanının harada olduğu barədə məlumat verilməmişdi. İran Kaaninin rəsmi olaraq ittiham olunub-olunmaması barədə də açıqlama verməyib.
"France24" telekanalının xəbərində isə İsmayıl Kaaninin İranda casusluq ittihamı ilə saxlanıldıqdan və dindirildikdən sonra edam edildiyi iddiasına yer verilib. İran rəsmiləri bu iddialara cavab verməyib.
Hər hücumda onun adı çəkilir
ABŞ-ın İran daxilində fəaliyyət göstərən casusların köməyi ilə Xamenei və onun komandasının toplantı yeri və vaxtını öyrəndiyi iddia olunur. Xameneini ölümünə səbəb olan hücumdan əvvəl son görən şəxslərdən biri olan İsmayıl Kaani hadisədən dərhal əvvəl həmin yeri tərk etməsi ilə diqqət çəkib.
Əli Xamenei
Oxşar hadisələrin daha əvvəl də yaşandığı bildirilir. Kaaninin Suriyanın paytaxtı Dəməşqdə İnqilab Keşikçiləri komandirlərinin öldürüldüyü İsrail hücumundan qısa müddət əvvəl hədəf alınan binanı tərk etdiyi, həmçinin Livanda "Hizbullah”ın lideri Həsən Nəsrullahın öldürüldüyü bombardmandan az əvvəl də vurulan nöqtədən ayrıldığı qeyd olunur.
Həsən Nəsrullah
İsmayıl Kaani kimdir?
İran hökumətinə bağlı İnqilab Keşikçiləri Korpusu daxilində fəaliyyət göstərən Qüds Qüvvələrinin komandanı İsmayıl Kaani 1957-ci ildə İranın Məşhəd şəhərində anadan olub. O, 1979-cu il İran inqilabından sonra İnqilab Keşikçiləri sıralarına qoşulub.
1980–1988-ci illərdə İran-İraq müharibəsində aktiv iştirak edən Kaani həmin dövrdə hərbi karyerasında yüksəlib.
Uzun illər Qüds Qüvvələrində yüksək vəzifələrdə çalışan Kaani xüsusilə Əfqanıstan və Pakistan istiqamətində aparılan əməliyyatlara cavabdeh şəxslərdən biri kimi tanınıb. ABŞ tərəfindən sanksiya siyahısına salınan Kaani regional silahlı qruplarla əlaqələrdə mühüm fiqur hesab olunur.
2020-ci ilin yanvarında ABŞ-ın Bağdadda keçirdiyi hava zərbəsi nəticəsində Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən sonra bu vəzifəyə İsmayıl Kaani gətirilmişdi. Süleymani ilə müqayisədə ictimaiyyətdə daha aşağı profilli fiqur kimi tanınsa da, İranın regional strategiyasında mühüm rol oynayan şəxslərdən biri hesab olunur.
Aydın
Şərhlər