Xəbər lenti

Tibb tarixində ilk: Əvvəl donuz, sonra isə insan böyrəyi köçürüldü
Dünya 12:24 10.03.2026

Tibb tarixində ilk: Əvvəl donuz, sonra isə insan böyrəyi köçürüldü

Tibb tarixində nadir rast gəlinən hadisələrdən biri ABŞ-da baş verib. Böyrək çatışmazlığı səbəbilə ölüm təhlükəsi ilə üzləşən 67 yaşlı Tim Endryusa əvvəlcə genetik olaraq dəyişdirilmiş donuz böyrəyi, daha sonra isə ona insan böyrəyi köçürülüb. Beləliklə, o, heyvandan orqan köçürülməsindən sonra insan böyrəyi transplantasiyası edilən ilk şəxs kimi tibb tarixinə düşüb.
 
Qaynarinfo xəbər verir ki, ABŞ-ın Nyu-Hempşir ştatında yaşayan Endryusun 2025-ci il yanvarın 25-də keçirilən üç saatlıq əməliyyat zamanı xəstə böyrəkləri çıxarılıb və yerinə genetik olaraq dəyişdirilmiş donuz böyrəyi yerləşdirilib. O, bu böyrəyə "Vilma” adını verib. 

Lakin zaman keçdikcə orqanizm yad orqanı rədd etməyə başlayıb. Endryusda qızdırma, baş ağrısı və ürəkbulanma kimi simptomlar müşahidə olunub. Buna baxmayaraq, o, tam 271 gün donuz böyrəyi ilə yaşamağı bacarıb.

2025-ci ilin oktyabrında donuz böyrəyi funksiyasını itirdiyi üçün çıxarılıb və Endryus yenidən dializə qayıdıb. 

Bir müddət sonra Endryusa insan böyrəyi köçürülüb. Əməliyyatdan iki gün sonra xəstəxanadan evə buraxılan Endryus xenotransplantasiyadan, yəni heyvandan orqan köçürülməsindən sonra insan böyrəyi transplantasiyası edilən ilk şəxs kimi tibb tarixinə düşüb.

Hazırda sağalma prosesində olan Endryusun qəbul etdiyi dərmanların sayı da 51-dən 20-yə düşüb. O, adının açıqlanmasını istəməyən donorun ailəsinə təşəkkür edərək bildirib ki, bağışlanan böyrək təkcə onun həyatını deyil, gələcəkdə minlərlə insan üçün ümid yarada bilər.

Mütəxəssislər hesab edirlər ki, heyvanlardan orqan köçürülməsi gələcəkdə transplantasiya gözləyən xəstələr üçün müvəqqəti "körpü” rolunu oynaya bilər və bu sahədə aparılan araşdırmalar tibbdə yeni imkanlar açır.
 
Günay

--> -->