Avropanın ən qədim və tanınmış kral ailələrindən biri ötən axşam qonşu ölkənin prezidenti və həyat yoldaşının şərəfinə təşkil olunan rəsmi dövlət ziyafətində bir araya gəlib. Bu mühüm və dəbdəbəli gecədə diqqət mərkəzində, təbii ki, taxtın varisi olub.
Qaynarinfo xəbər verir ki, Niderlandın gələcək kraliçası, 22 yaşlı şahzadə Katarina-Amaliya bu mühüm tədbirdə kraliçalığın rəmzi hesab edilən və ilk dəfə taxdığı tacı - anasından yadigar qalan tacı yenidən taxıb.
Katarina-Amaliya Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və onun həyat yoldaşı Elke Büdenbenderin şərəfinə verilən dövlət ziyafətində valideynləri Kral Villem-Aleksandr və Kraliça Maksimaya qoşulub.
Gələcəkdə ölkəsinin kraliçası olacaq şahzadə artıq tədricən üzərinə düşəcək bu mühüm rola hazırlaşır, rəsmi tədbirlərdə iştirak edərək təcrübə qazanmağa çalışır.
Rəsmi qəbul üçün 22 yaşlı şahzadə qısaqollu, qiymətli daşlarla bəzədilmiş korset hissəsinə malik açıq mavi rəngli libas seçib. O, görünüşünü mirvari sırğalar və məşhur "Niderland Ulduzu Tacı" ilə tamamlayıb.
Bu tac Katarina-Amaliya üçün xüsusi əhəmiyyət daşıyır. Çünki həmin zinət əşyası onun ictimaiyyət qarşısında taxdığı ilk tacdır. Şahzadə 2022-ci ilin iyun ayında Norveç şahzadəsi İnqrid Aleksandranın 18 illik yubileyi münasibətilə Osloda keçirilən tədbirə dəvət olunarkən bu tacdan istifadə etmişdi.
"Niderland Ulduzu Tacı" həmçinin Kraliça Maksimanın 2002-ci ildəki toy mərasimində taxdığı tacdır. Bu səbəbdən onun ailə üçün böyük mənəvi dəyəri var.
Digər Avropa monarxiyalarında olduğu kimi, Katarina-Amaliya da gələcəkdə taxta çıxmağa hazır olması üçün uzun illərdir ciddi hazırlıq və təhsil proqramından keçir.
Hərbi xidmət və hazırlıq da keçən şahzadə ötən il Amsterdam Universitetində Siyasət, Psixologiya, Hüquq və İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi alıb. O, hazırda Niderland hüququ sahəsində təhsilini davam etdirir və daha iki akademik il universitetdə oxuyacaq.
Atası Kral Villem-Aleksandrın 30 aprel 2013-cü ildə taxta çıxmasından sonra rəsmi şəkildə birinci varis elan olunan Katarina-Amaliya, eyni zamanda qanuni olaraq Oranj şahzadəsi titulunu təkbaşına daşıyan ilk qadın olub. O, gələcəkdə Niderlandın dördüncü kraliçası olacaq.
Digər bəzi Avropa ölkələrindən fərqli olaraq, Niderland tarixində kraliçaların uzunmüddətli hakimiyyət dövrləri tez-tez müşahidə olunub. Katarina-Amaliya da özünəinamlı davranışı və vəzifələrə yanaşması ilə gənc kral ailəsi üzvləri arasında seçilir.
Gənc şahzadə bir müddət əvvəl mətbuatın diqqətini çəkən qərarı ilə gündəmə gəlmişdi. O, dövrün baş naziri Mark Rutteyə öz əlyazması ilə məktub göndərərək, 18 yaşına çatdıqdan sonra almaq hüququ qazandığı illik 1,6 milyon avroluq dövlət ödənişindən imtina etdiyini bildirmişdi.
Şahzadə məktubunda yazmışdı: "Əvəzində heç nə etmədiyim bir pulun qəbul edilməsi məni narahat edir. Xüsusilə də digər tələbələrin, xüsusən koronavirus dövründə, daha çətin şəraitdə yaşadığı bir zamanda".
Bu addım ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdı.
Aydın
Şərhlər