Dubay hakimiyyəti dünyanın ən iddialı infrastruktur layihələrindən birini işə salıb. Söhbət yeni hava limanının tikintisindən gedir. Buna rekord həddə - 35 milyard dollar xərclənəcək.
Qaynarinfo "Supercarblondie" portalına istinadən xəbər verir ki, onun planetin ən böyük aviasiya mərkəzinə çevrilməsi gözlənilir. Xəbər verildiyi kimi, yeni Əl-Məktum Beynəlxalq Aeroportu ildə 260 milyon sərnişinə xidmət göstərə biləcək ki, bu da dünya aviasiyasının hazırkı liderindən təxminən üç dəfə çoxdur. Hazırda dünyanın ən çox sərnişin qəbul edən hava limanı belə ildə təxminən 95 milyon sərnişin daşıyır. Yeni layihə isə bu göstəricini təxminən üç dəfə üstələyəcək.
Yeni kompleks mövcud Al-Maktum hava limanı bazasında qurulacaq və tamamlandıqdan sonra təxminən 70 kvadrat kilometr ərazini əhatə edəcək. Layihəyə 400 boarding qapısı və 5 paralel uçuş-enmə zolağı daxil olacaq.
Dubay hökmdarı Məhəmməd bin Rəşid Al Maktum bu layihəni sadəcə hava limanı deyil, tam bir "hava limanı şəhəri” kimi təsvir edib.
Layihə çərçivəsində yaşayış massivləri, otellər, ticarət zonaları, biznes mərkəzləri və xüsusi aviasiya xidmət sahələri də inşa ediləcək. Təxminən 1 milyon insan üçün iş və yaşayış imkanının yaradılması planlaşdırılır.
Yeni hava limanı "Emirates” və "Flydubai” aviaşirkətlərinin əsas bazasına çevriləcək. Mövcud Dubay beynəlxalq hava limanından (DXB) yeni mərkəzə keçid mərhələli şəkildə, təxminən 10 il ərzində həyata keçiriləcək.
İlkin mərhələdə hava limanı ildə 150 milyon sərnişin qəbul edəcək, tam tamamlandıqdan sonra isə bu rəqəm 260 milyona çatdırılacaq.
Ekspertlər hesab edirlər ki, layihə yalnız dünyanın ən böyük hava limanını yaratmayacaq, həm də "hava limanı şəhəri” konsepsiyası ilə qlobal aviasiya modelini dəyişdirə bilər.
Layihə uğurla həyata keçirilərsə, Dubay Avropa, Asiya və Afrika arasında ən vacib nəqliyyat və biznes mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirəcək.
Aydın
Şərhlər