XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ƏDV ilə hərbi müdafiə: 30 milyard dollarlıq layihə
Dünya19:29 12.08.2026

ƏDV ilə hərbi müdafiə: 30 milyard dollarlıq layihə

İsveçrə hökuməti müdafiə xərclərinin maliyyələşdirilməsi məqsədilə əlavə 24 milyard İsveçrə frankı (29,56 milyard dollar) toplamaq üçün əlavə dəyər vergisinin (ƏDV) 0,5 faiz bəndi artırılmasını nəzərdə tutan layihəni parlamentə təqdim edib.

Qaynarinfo xəbər verir ki, 15 milyard frankın (18,5 milyard dollar) uzaqmənzilli zərbələrdən müdafiə sistemlərinin, kibertəhlükəsizlik vasitələrinin və pilotsuz uçuş aparatlarının alınmasına, həmçinin ikinci yerüstü hava hücumundan müdafiə sisteminin yaradılmasına və "Patriot" sisteminin artan xərclərinin qarşılanmasına yönəldilməsi planlaşdırılır. Daha 9 milyard frank (11,1 milyard dollar) isə qlobal tələbatın artması səbəbindən silahların bahalaşması ilə bağlı əlavə xərclərin kompensasiyasına ayrılacaq.

ƏDV-nin 12 il müddətində artırılması planlaşdırılır. Əsas vergi dərəcəsi 0,5 faiz bəndi, xüsusi dərəcə isə 0,3 faiz bəndi yüksəldiləcək. Bununla belə, ərzaq və dərman vasitələri üçün tətbiq olunan güzəştli ƏDV dərəcələri dəyişməz qalacaq.

Vəsaitlərin idarə olunması üçün hökumət yeni silahlanma fondu yaradacaq. Fonddan vəsaitlərin necə istifadə ediləcəyinə parlament qərar verəcək. Müdafiə büdcəsinin bir hissəsi də bu fonda yönəldiləcək. Bundan əlavə, fond 6 milyard frankadək (7,4 milyard dollar) borc cəlb edə biləcək. Bu vəsaitlər ilkin ödənişlərin operativ həyata keçirilməsi və silah alışlarının sürətləndirilməsi üçün istifadə olunacaq.

Əlavə dəyər vergisinin dərəcəsi İsveçrə Konstitusiyasında təsbit edilib. Parlament verginin artırılmasını təsdiqləyərsə, qərar referendumda da təsdiqlənməlidir.

Aydın