XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əfsanəvi reperi kim öldürüb: 30 illik sirr açılır?
Dünya18:33 18.08.2026

Əfsanəvi reperi kim öldürüb: 30 illik sirr açılır?

Əfsanəvi reper Tupak Şakurun öldürülməsindən təxminən 30 il keçsə də, qətlin sifarişçisi və icraçısı hələ də müəyyən edilməyib.

Qaynarinfo xəbər verir ki, avqustun 17-də Las-Veqasda (ABŞ) keçirilən ilk məhkəmə iclasında keçmiş qanqster Dueyn Devis münsiflər heyəti qarşısına çıxıb. Üç ildir istintaq altında olan Devis iş üzrə əsas təqsirləndirilən şəxs hesab olunur.

Prokurorluğun bildirdiyinə görə, Devis daha əvvəl Tupakın qətlində iştirak etdiyini özü etiraf edib. İddiaya əsasən, o, qətli törədən şəxslərlə eyni avtomobildə olub və onlara silah verib. Müdafiə tərəfi isə hadisəyə fərqli yanaşır.

Prokurorluq Devisi qətlin əsas təşkilatçısı hesab edir

63 yaşlı Dueyn “Kif Di” Devisi Tupak Şakurun qətlinin əsas təşkilatçısı olmaqda ittiham edilir. “Reuters”in məlumatına görə, prokuror onun qohumunun döyülməsinə görə qisas almaq məqsədilə qatil qrupuna rəhbərlik etdiyini bildirib.

Hadisədən əvvəl, sentyabrın 7-nə keçən gecə Tupak və onun ətrafındakılar Las-Veqasdakı kazinolardan birində Devisin qardaşı oğlu ilə mübahisə edib və dava düşüb. İstintaqın məlumatına görə, musiqiçinin Devisin rəhbərlik etdiyi “Crips” küçə dəstəsi ilə düşmənçiliyi olub.

Devisin tələsik şəkildə Tupakdan qisas alma planı hazırladığı və repçini tapmaq üçün ağ rəngli “Cadillac” avtomobili ilə şəhərdə dolaşdığı bildirilir. Arxa oturacaqda iki kişi əyləşibmiş və qanqster daha sonra onlara silah verib.

Ardınca “Cadillac”dan atəş açılıb. Tupak dörd güllə yarası alıb və altı gün sonra xəstəxanada dünyasını dəyişib. Polis repçiyə kimin atəş açdığını açıqlamayıb. Lakin 2026-cı ilə qədər şübhəli ola biləcək şəxslər arasında sağ qalan yeganə adam Devis olub.

“Associated Press”in yazdığına görə, Devis təqsirli bilinərsə, ömürlük həbs cəzası ala bilər. Keçmiş qanqster qətldə iştirak etdiyini qəbul etmir.

Bununla belə, təqsirləndirilən şəxs məhkəməyə qədər polis və FTB ilə dəfələrlə danışıb. Prokurorluq xatırladıb ki, Devis 1998 və 1999-cu illərdə verdiyi ifadələrdə atışma zamanı Las-Veqasda olduğunu etiraf edib. Bundan 10 il sonra keçirilən sorğu zamanı isə qətldə iştirak etdiyini bildirib.

İstintaq uzun müddət dalana dirənib

İstintaq müəyyən dərəcədə əsasən Devisin ifadələrinə əsaslanmalı olub. Keçmiş qətl detektivi Brent Bekker məhkəmədə bildirib ki, digər şahidlərdən hər hansı məlumat əldə etmək çətin idi.

Nəticədə qətlin araşdırılması dalana dirənib. “BBC”nin xatırlatdığı kimi, vəziyyət yalnız Devisin 2019-cu ildə xatirələr kitabını dərc etməsindən sonra dəyişib.

“Kif Di” kitabında Şakurun avtomobilinə atəş açılan zaman həmin “Cadillac”da oturduğunu iddia edib. O, həmçinin tapançanı qardaşı oğlu Orlando Andersona verdiyini və məhz Andersonun repçini güllələdiyini yazıb.

Lakin müdafiə tərəfi bu qeydləri ciddi sübut hesab etmir. Vəkillər kitabın bədii əsər olduğunu və cinayət işində sübut kimi istifadə edilməməli olduğunu bildirirlər.

Müdafiə tərəfi fərqli strategiya seçib

Adətən müdafiə tərəfi müştərilərinin dürüst insanlar olduğunu sübut etməyə çalışır. Lakin “The New York Times”ın yazdığına görə, bu işdə vəkillər fərqli strategiya seçiblər.

Onlar münsiflər heyətindən Devisin 2008 və 2009-cu illərdə polisə ifadə verdiyi halda niyə həmin vaxt məsuliyyətə cəlb olunmadığı barədə düşünmələrini istəyiblər.

Müdafiə tərəfinin fikrincə, müstəntiqlərin Devisi həmin illərdə də məsuliyyətə cəlb etmək imkanı olub. Lakin vəkillər hesab edirlər ki, istintaqçılar onun sorğular zamanı “boş-boş danışdığını” bildikləri üçün bunu etməyiblər.

Aydın