Xəbər lenti

Şəhidlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericiliyə maddə əlavə olunsun - TƏKLİF
Ölkə 13:03 18.08.2025

Şəhidlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericiliyə maddə əlavə olunsun - TƏKLİF

Xəbər verdiyimiz kimi, Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər. 

Artıq Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb. DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib:

"Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib. Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Vətən müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı, ictimai fəal Elyar İslamoğlu təklif edib ki, şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericiliyə maddə əlavə olunmalıdır:

"Şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericilikdə xüsusi maddə yoxdur. Şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi Milli Məclisin növbəti sessiyasında müzakirə edilib həllini tapmalı, bununla bağlı qanun qəbul edilməlidir. 

Şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Alnımızdan 30 illik ləkəni silən, ölkəmizin ərazi bütövlüyü, torpaqlarızın azadlığı uğrunda şəhid olan insanı təhqir etməyin ciddi cəzası olmalıdır. Bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir. Bütün şəhid ailələrinin adından təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->