Xəbər lenti

Ekspert: Tokio ilə Pxenyan arasında dərin ittihamlar bir bəyanatla aradan qalxmayacaq
Dünya 12:04 21.11.2025

Ekspert: Tokio ilə Pxenyan arasında dərin ittihamlar bir bəyanatla aradan qalxmayacaq

"Bu bəyanat iki ölkə arasında buzların əriməsinə, soyuq münasibətlərin istiləşməsinə töhfə verən bilən cəhd kimi qiymətləndirilməlidir. Amma bəyanatın müsbətə doğru inkişafı qarşı tərəfin ona verəcəyi reaksiyadan asılı olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Yaponiyanın yeni baş naziri Sanae Takaiçinin, Tokio ilə Şimali Koreya arasında "yeni və səmərəli münasibətlər" qurmaq üçün Şimali Koreya lideri Kim Çen Inla görüşmək istədiyi barədə bəyanatını şərh edərkən deyib.

"Şimali Koreya ilə Yaponiya arasında diplomatik münasibətlər yox dərəcəsindədir. Hər iki dövlətin bir-birinə qarşı qarşılıqlı ittihamları var. Pxenyan Yaponiyada ABŞ hərbi bazalarının olmasından narahatdır. Tokio isə Şimali Koreyayanın nüvə silahına malik olmasına təhdid kimi baxır. Keçən əsrin 70-80-ci illərində Şimali Koreya kəşfiyyatı tərəfindən yapon vətəndaşlarının oğurlanması hadisəsi isə iki dövlət arasındakı münasibətləri daha gərgin müstəviyə qaldırdı. Pxenyan yalnız 2002-ci ildə bunu etiraf edərək, oğurladığı insanların az qismini qaytaracağına söz verdi. Yaponiyanın yeni baş naziri son çıxışında da yerdə qalan oğurlanmış vətəndaşlarının geri qaytarılmasına çalışacağını bəyan edib", deyə Üzeyir Şəfiyev bildirib.
 

 
Ekspertin fikrincə, Sanae Takaisi diplomatik yumşalma siyasətilə Pxenyanın oğurladığı həmin ölkə vətəndaşlarını geri qaytara biləcəyini düşünür. Üzyir Şəfiyev qeyd edir ki, baş nazirin bəyanatı əslində həm Yaponiya, həm də Şimali Koreyanın maraqlarına cavab verir:

"Əsas məsələ Pxenyanın bu bəyanatı necə qiymətləndirəcəyi məsələsidir ki, onu da zaman göstərəcək. Əslində Yaponiya baş nazirinin bəyanatı hər iki ölkənin maraqlarına xidmət edir".

Ancaq bununla belə konfliktoloq düşünür ki, tərəflər arasında münasibətlərin yumşalmasının  gerçəkləşməsi təkcə bir bəyanatla yetərli olmayacaq:

"Çünki hər iki dövlətin bir-birinə qarşı daha dərin ittihamları var. Ona görə də diplomatik müstivədə daha dərin istiləşmə taktikalarına ehtiyac var".

Qeyd edək ki, vəzifəsinə başlamasından bir ay keçməmiş Yaponiyanın baş naziri Sanae Takaiçi, Yaponiya ilə Şimali Koreya arasında "yeni və səmərəli münasibətlər" qurmaq üçün Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu sensasion şəkildə elan edib. Hələlik qarşı tərəfin buna hər hansı bir cavabı yoxdur. 

Ancaq görünən odur ki, Yaponiyanın yeni baş naziri qonşu və eyni zamanda aqressiv olması ilə seçilən ölkələrlə münasibətlərdə yumşaq diplomatiya siyasətinə üstünlük verməyi düşünür. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->